Bakıda keçirilən Dünya Kubokunda iştirak imkanı qazandığım üçün çox şadam – Portuqaliya gimnastı

Xəbər - Cani Babayeva – Trend:

Bakıda təşkil olunan yarışlardan həzz alırıq.

Bunu AzerTimes-a Bakıda keçirilən batut gimnastikası üzrə Dünya
Kubokunun iştirakçısı, Portuqaliya idmançısı Pedro Ferreyra
bildirib.

“Təsnifat mərhələsindəki çıxışımdan razı qaldım, hər şey əladır.
Yarışdan əvvəlki məşq uğurlu alındı ​​və bu, yarışda öz nəticəsini
verdi. Qrupumda birinci yeri tutdum, bu, növbəti mərhələdə mənə güc
və inam verəcək”, – deyə P.Ferreyra bildirib.

Portuqaliyalı gimnast Bakıya yeddinci dəfə gəldiyini qeyd
edib.

“Bakı böyük və gözəl şəhərdir. Biz hamımız burada olmaqdan həzz
alırıq və Dünya Kubokunda iştirak etmək imkanı əldə etdiyimiz üçün
çox şadıq. Yarışın təşkili əladır, komandamız hər şeydən razıdır,
heç bir şikayət yoxdur, hər yerdə müsbət atmosfer və mehriban
münasibət hökm sürür”, – o əlavə edib.


Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: