Bakıda keçiriləcək TEKNOFEST Beynəlxalq Festivalında “ağıllı” ayaqqabı layihəsi təqdim olunacaq (VİDEO)

Bakıda keçiriləcək TEKNOFEST Beynəlxalq Aviasiya, Kosmos və
Texnologiya Festivalında əlilliyi olan insanlar üçün “ağıllı”
ayaqqabılar layihəsi təqdim olunacaq.

Bunu AzerTimes-a müsahibəsində Azərbaycanın “Qambit” komandasının
rəhbəri Vəfa Ocaqverdiyeva deyib.

Onun sözlərinə görə, bu ayaqqabılar vibrasiya vasitəsilə
maneələr haqqında məlumat ötürən xüsusi sensorlar və detektorlarla
təchiz olunacaq.

“Görmə qabiliyyəti zəif olan insanlar hərəkət edərkən qarşılaşa
biləcəkləri maneələr barədə asanlıqla məlumatlandırıla biləcəklər”,
– Ocaqverdiyeva bildirib.

“Qambit” komandasının kapitanı Atilla Məmmədovun sözlərinə görə,
bu ayaqqabıların nəzərdə tutulduğu funksiyanı yerinə yetirməsi üçün
elektrik enerjisi lazımdır.

“Bu ayaqqabıların öz funksiyasını yerinə yetirməsi üçün onlar
müvafiq enerji istehsal edən qurğu ilə təchiz olunacaqlar”, – o
bildirib.

Komandanın kapitanı “Qambit”in TEKNOFEST aviasiya, kosmik və
texnologiya festivalında yüksək göstəricilərə nail olacağına və
iştirakçılar arasında birinci yeri tutacağına əminliyini ifadə
edib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.