Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil edilib – Ukraynalı gimnast

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yüksək səviyyədə
təşkil edilib.

Bunu AzerTimes-a yarışların iştirakçısı, ukraynalı gimnast Nazar
Çepurni deyib.

“Ukrayna komandasının yarışda əhval-ruhiyyəsi yaxşıdır, məqsəd
hər yarışda olduğu kimi, qələbədir və biz də öz növbəmizdə
istədiyimizə nail olmaq üçün əlimizdən gələni edirik. Mən dayaqlı
tullanmada finalına çıxdım, orada mübarizəmi davam etdirəcəyəm”, –
deyə idmançı bildirib.

Onun sözlərinə görə, idman gimnastikasında qüvvəyə minmiş yeni
qaydalara uyğunlaşmaq bir az çətindir.

“Turnik proqramını və sərbəst hərəkətləri yeni qaydalara
uyğunlaşdırmaq asan deyil. Mən hələ tam olaraq kombinasiyaları
toplamamışam, amma düşünürəm ki, tezliklə hər şey düzələcək. Yeni
qaydalar digər gimnastika alətlərinə o qədər də təsir etməyib”, –
deyə gimnast bildirib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü
isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək
icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da
təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər),
Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik),
İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar,
turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə
Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst
hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar,
gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edir.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya
kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya
kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda
göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara
ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Teqlər: