Bakıda çıxış etmək mənim üçün bayramdır – Avstraliyalı gimnast

Bakıda Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda
çıxış etmək mənim üçün bayramdır.

Bu barədə cümə günü AzerTimes-a bədii gimnastika üzrə FIG Dünya
Kubokunun iştirakçısı, avstraliyalı idmançı Aleksandra
Kiroy-Boqatırova bildirib.

“Beş aya yaxındır ki, Bakıda təlim-məşq toplanışındayam və bura
mənim üçün ikinci vətənimdir”, – o deyib.

İdmançı bildirib ki, Bakıda keçirilən təlim-məşq toplanışı
zamanı yerli məşqçilər onun üçün məşqə artistlik elementləri əlavə
edərək tamaşa hazırlayıblar.

“Keçən həftə Daşkənddə keçirilən Dünya Kubokunda iştirak etdim,
bu il ilk dünya kubokum oldu. Daşkənddəki çıxışı nəzərə alaraq
Bakıda keçiriləcək yarışlara hazırlaşırdıq. Milli Gimnastika
Arenasında məşq etməyi və çıxış etməyi çox sevirəm. Azərbaycanlı
məşqçilər əladır, burada hər cür üçün şərait yaradılıb,
gimnastların birinci sıraya çıxması üçün hər cür imkan var”, –
Aleksandra Kiroy-Boqatırova bildirib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.

Teqlər: