Bakıda bədii gimnastika üzrə Dünya kuboku keçiriləcək

Aprelin 22-dən 24-nədək gimnastika dünyasının diqqəti bir daha
Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, dünyanın
ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq Bədii
Gimnastika üzrə Dünya kubokunda bir araya gələcəklər.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi
5-ci beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 33 ölkədən 44-ü
fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla 140
gimnastın iştirakı gözlənilir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edəcək.
3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və
çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil
olunacaq 9-cu Dünya kuboku olacaq. Xatırladaq ki, paytaxtımız 2005
və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya
kubokuna ev sahibliyi edib.

Qeyd edək ki, iki illik fasilədən sonra xüsusi karantin rejimi
çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar
Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı
əldə edəcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı
olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən
edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər
istisna olmaqla) malik olmalıdırlar.

Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək
istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/
saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin
qiyməti təsnifat yarışlarına 10, final mərhələlərinə isə 15 manat
təşkil edir.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda
(www.agf.az) yenilənəcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq.

Teqlər: