Bakıda 2 nəfərin öldüyü kütləvi dava ilə bağlı cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

Nərimanov rayon prokurorluğu Bakıda kütləvi dava ilə bağlı
məlumat yayıb. Prokurorluqdan AzerTimes-a verilən məlumata görə,
fevralın 18-də saat 01 radələrində Nərimanov rayonu ərazisində
1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid
Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb
ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış
keçirilib.
Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs –
bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə
Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən
istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq
hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və
Fərid Əlirzayevin ölmələri müəyyən olunub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah
qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə)
maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Nurani
Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq
aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək
məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir.


Teqlər: