Bakı Slavyan Universitetinin dosentinin növbəti məhkəmə iclası keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə
təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi
təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid, Qazax Müəllimlər İnstitutunda “Tarix-Coğrafiya” müəllimliyi ixtisası üzrə təhsil almış Səttar
Sərdarov bildirib ki, Bakı Slavyan Universitetində əlavə təhsil
almaq üçün müxtəlif səbəblərə görə ümumilikdə 8 min manat
verib.

“Əlavə təhsil almaq üçün birinci dəfə Dürdanə Əliyeva ilə
görüşümüz oldu, məndən qəbul üçün əvvəlcədən 2 min manat istədi.
Daha sonra təhsil haqqı üçün 1000 manat banka ödədim, 800 manat isə
nəğd şəkildə verdim. Bir müddət sonra isə mənə diplomumla bağlı
problem olduğunu dedilər. Bu dəfə isə məndən 4 min manat istədi.
Bununla bağlı sabiq rektor Nurlana Əliyevanın da qəbulunda olduq.
Rektor da mənə məsələnin həll olunacağını söz verdi, təəssüf ki,
bugünə qədər hələ də həll olunmayıb”, – deyə şahid bildirib.

Təqsirləndirilən şəxsin vəkili şahidin ifadəsinə etiraz edərək
yalan danışdığını deyib:

“Siz yalan danışmamaq haqqında iltizama qol çəkmisiz, yəqin ki
bunun nə olduğunu bilirsiz…? Təhsil ödənişi 1800 manatdırsa, nəyə
görə 3-4 min manat vermisiz?”
Dürdanə Əliyeva da şahidin ifadəsinin doğru olmadığını həmçinin
Səttər Sərdarovun Qazax Müəllimlər İnstitutundan verilmiş saxta
diplomla əlavə təhsil almaq istədiyini qeyd edib. O, bununla bağlı
sərbəst ifadəsi zamanı geniş danışacağını əlavə edib. Sonda
məhkəməyə sədrlik edən şahidin ifadəsinin yalan ya doğru olduğuna
sonda qiymət veriləcəyini deyib.

Növbəti proses aprelin 4-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi
təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma
aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı
şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4,
312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri
ilə cinayət işi başlanılıb.

Teqlər: