Bakı-Quba yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda
əsaslı təmir-bərpa işlərinə başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən
(AAYDA)AzerTimes-a
verilən məlumata görə təmir-bərpa işləri magistral yolun 88-ci
km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər
hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat
vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa
işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat
vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz
təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin
görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol
nişanlarının quraşdırılması işləri aparılacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla
yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları,
müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına
riayət etmələri xahiş olunur.

Təmir-bərpa işləri ilə əlaqədar yarana biləcək müvəqqəti
narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Teqlər: