Bakı Neft Emalı Zavodunun bəzi qurğuları və “Azərikimya” işini dayandırıb

Aprelin 4-də SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı
Zavodunun qurğularının bir hissəsinin planlı profilaktika işləri
üçün müvəqqəti dayandırılması prosesi başlayıb.

Bunu Trend-in
sorğusuna cavab olaraq SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov
deyib.

“Əvvəl də elan etdiyimiz kimi, zavodda planlı işlərdən sonra
Avro-5 standartına uyğun dizel istehsalının başlaması üçün lazım
olan əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması
nəzərdə tutulur. Bu, zavodun modernləşdirilməsi çərçivəsində həyata
keçirilir”, – deyə o bildirib.

Eyni zamanda, İ.Əhmədovun sözlərinə görə, SOCAR-ın “Azərikimya”
İstehsalat Birliyi də profilaktika işləri üçün aprelindən 5-dən
işini dayandırır.

“Hər iki müəssisənin paralel dayanması onların vahid qiymət
formalaşması zəncirində qarşılıqlı əlaqəsi ilə bağlıdır. Belə ki,
neft emalı zavodu “Azərikimya” üçün əsas xammal mənbəyidir” –
İ.Əhmədov deyib.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda
Avro-5 standartına uyğun yanacağın istehsalının 2023-cü ilin ikinci
yarısından başlaması gözlənilir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: