“Bakı Marafonu-2022”nin qalibləri mükafatlandırılıb (FOTO)

Bakıda “Bakı Marafonu-2022”nin qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.

AzerTimes-ın
məlumatına görə, kişilər arasında birinci, ikinci və üçüncü yerləri
Rusiya idmançısı Rinas Əhmədiyev, Türkiyə idmançısı Ömər Alkan və
Çexiya idmançısı Vladimir Marçik tutublar.

Qadınlar arasında isə birinci yeri ukraynalı Valentina
Veretskaya, ikinci yeri Türkiyə idmançısı Dilek Öztürk, üçüncü yeri
isə ukraynalı idmançı Valentina Poltavskaya tutublar.

Yarış iştirakçıları bu tədbirin yüksək səviyyədə təşkil
olunduğunu qeyd edərək, iştirakdan məmnun qaldıqlarını bildiriblər.
Həmçinin, onlar Azərbaycan paytaxtının sakinlərinin böyük dəstəyini
qeyd ediblər.

İdmançılar gələcəkdə Bakıda keçiriləcək analoji yarışlarda
iştirak etmək arzusunda olduqlarını bildiriblər.

Qeyd edək ki, mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə V
Bakı Marafonu təşkil olunub.

“Bakı Marafonu 2022”də iştirak etmək üçün 15 minə yaxın
iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan
əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar
marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər
sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa,
Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və
digər ölkələrdən iştirakçılar var.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına
dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il
fərqli marşrutda təşkil edilib.

Marşrutunun uzunluğu 21 kilometr olan “Bakı Marafonu-2022” Dövlət
Bayrağı Meydanında başlayıb və başa çatıb.

Teqlər: