Xəbər - Samir Əli – Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti
paytaxtın Səbail rayonu ərazisində yerləşən “Bakı Kristal Zalı”
kompleksində yanğın-taktiki təlim keçirib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, təlimin keçirilməsində
məqsəd baş verə biləcək yanğın zamanı obyektin müvafiq heyətinin
zəruri davranış qaydaları barədə bilik və bacarıqlarının
artırılması, yanğınsöndürmə qüvvələrinin operativ qaydada əməliyyat
şəraitinin qiymətləndirilməsi və yanğının dərəcəsi barədə müvafiq
qərarın qəbul olunması, yanğınla effektli mübarizə məqsədilə
həlledici döyüş istiqamətinin müəyyənləşdirilməsi, yüksək saylı
çağırışla cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi,
rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə
tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
və döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin
təkmilləşdirilməsi olub.
Şərti yüksək saylı çağırışla təlimə cəlb olunan Bakı şəhərinin
Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından
Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən şərti olaraq
köməksiz vəziyyətdə qalmış insanlar xüsusi vasitələrdən istifadə
edilməklə “xilas olunub”, baş vermiş “yanğın” qısa müddətdə “tam
söndürülüb”.
Uğurla keçirilmiş təlim zamanı qarşıya qoyulan məqsədlərə nail
olunub.
Təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin
Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat
Nəbiyevin iştirakı ilə əməkdaşların yanğının söndürülməsi zamanı
fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.