Bakı birinciliyində iştirak gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır – AGF-nin baş katibi

Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində iştirak gənc
idmançılar üçün böyük əhəmiyyət daşıyır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Gimnastika
Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.

“Bütün dünyada olduğu kimi, ölkəmizdə də pandmeiyanın səbəb
olduğu məhdudiyyətlərlə əlaqədar yarışlar təxirə salınmışdı.
Əlbəttə ki, ikiillik fasilədən sonra bu yarışlarda iştira etmək
idmançılarımız üçün böyük əhəmiyyət daşıyır. Martda bədii
gimnastika üzrə Azərbaycan çempinatı keçirildi, bu gün isə Bakı
birinciliyi start götürüb. Birincilikdə gənc idmançılar üç yaş
qrupunda mübarizə aparır. Yeni Olimpiya dövründə bədii gimnastikada
yeni qaydalar qüvvəyə minib və bu gün idmançılar bu qaydalar
əsasında öz proqramlarını təqdim edəcək.

Ümumilikdə, 27-ci Bakı birinciliyində 186 gimnast iştirak edir,
onlardan 123-ü fərdi proqramda, 63-ü qrup komandaların tərkibində
çıxış edəcək. Yarışda 14 komanda qrup hərəkətlərdə iştirak edir. Bu
yarışda komanda hesabında da qaliblər müəyyən ediləcək”, –
N.Məmmədzadə deyib.

O qeyd edib ki, gimnastikanın inkişafı Bakı ilə yanaşı,
bölgələrdə də Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətinin
prioritet istiqamətidir.

Baş katibin sözlərinə görə, bu gün Azərbaycanın 25 bölgəsində
gimnastika bölmələri fəaliyyət göstərir.

“Bu, əsasən, bədii gimnastikadır, amma biz çalışırıq ki,
bölgələrdə digər gimnastika növləri də inkişaf etsin. Bölgələrdə
gənc məşqçilər işləyir. Onlar bir neçə il özləri yaxşı idmançılar
olub, indi isə öz bilik və təcrübələrini gənc gimnastlarla
bölüşürlər” – o əlavə edib.

Qeyd edək ki, mayın 3-də Bakı Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə 27-ci Bakı birinciliyinin birinci günü start
götürüb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: