Bakı Ali Neft Məktəbində (BANM) Xalq şairi Ramiz Rövşənin
poeziya gecəsi və tələbələrlə görüşü keçirilib. Əvvəlcə poeziya
ustasına həsr edilən videomaterial nümayiş etdirilib.
Sevilən şairi Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən
rektor Elmar Qasımov bu görüşün tarixi gün olduğunu vurğulayıb: “Pandemiya dövründə Xalq şairi Ramiz Rövşənlə tələbələrin onlayn
görüşünü keçirmişdik. Bu gün hörmətli şairimizi Ali Məktəbdə
görməyə şadıq. Bu günü tələbələrimiz ömrü boyu unutmayacaqlar.
Bizim tələbələrin həm beyni, həm ürəyi var. Ramiz Rövşən kimi
insanlar cəmiyyətə işıq saçan ziyalılardır. Onu sevənlər arasında
yaş fərqi yoxdur. Bu, hər şairə nəsib olmur. Ramiz Rövşənin
şeirləri əbədidir”.
Tələbələrlə görüşlərə xüsusi önəm verdiyini vurğulayan Ramiz
Rövşən BANM-də onun yaradıcılığına olan sevgidən qürurlandığını
bildirib: “Elmar müəllim burada poeziyaya sevgi yaradıb. Bakı Ali
Neft Məktəbinin tələbələrinin şeirə olan sevgisi məni yenidən
buraya gətirdi. Adətən deyirlər ki, dəqiq və texniki elmlər
sahəsində çalışan insanlar sənətdən uzaq olur. Lakin əksinədir, bu
insanların güclü yaradıcı ruha sahib olurlar. Əgər sizin də
daxilinizdə şeir, sənət, poeziya sevgisi varsa, bunu inkişaf
etdirməyinizi tövsiyə edirəm. Peşəkarlıq və istedad qoşa
addımlayır. İstedad Allah vergisidir, peşəkarlıq isə bunu ortaya
qoymaq bacarığıdır”.
Yeni çapdan çıxan “Köhnə qorxular” və “Sevgi açarı” kitablarını
təqdim edən poeziya ustası nəşrdə yer alan şeirləri və tərcümələri
barədə məlumat verib. Uşaq yaşlarından şeirə, kitaba olan
marağından danışan xalq şairi xatirələrini bölüşüb, sevilən
şeirlərini səsləndirib.
Gecədə BANM-in tələbələri də Ramiz Rövşənin şeirlərini
səsləndiriblər. Hətta şairin dillər əzbəri olan bəzi şeirləri
dəfələrlə səsləndirilib. Sonra Xalq şairi tələbələrin suallarını
cavablandırıb. Görüş poeziya mövzusunda səmimi müzakirələrlə davam
etdirilib.