Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının açılışı olub (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc
Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi
keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov Ali Məktəbin bu cür nüfuzlu elmi konfranslara
evsahibliyi etməsini mühüm hadisə kimi dəyərləndirib: “Azərbaycanın
bütün istiqamətlərdə qazandığı uğurlara görə Ulu öndər Heydər
Əliyevə borcluyuq. Artıq 10-cu ildir Bakı Ali Neft Məktəbində
ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr
edilən elmi konfranslar keçirilir. Üçüncü ildir konfranslar
beynəlxalq səviyyədə təşkil edilir. Bu, bizim üçün çox
qürurvericidir. Gənc alimlərin yetişdirilməsi və onlara dəstək
olmaq bizim Ali Məktəbin önəmli missiyalarından biridir. Bu, həm də
Azərbaycan elmi üçün böyük töhfədir. Ali Məktəbimizin məzunları bir
vaxtlar bu elmi konfranslarda iştirak ediblər, hazırda isə burada
müəllim kimi çalışır və artıq beynəlxalq səviyyədə elmi
araşdırmalar aparırlar. Milli kadr milli qürur deməkdir”.

Konfrans iştirakçılarına və onların elmi rəhbərlərinə uğurlar
arzulayan akademik Vaqif Abbasov Bakı Ali Neft Məktəbinin nümunəvi
ali təhsil müəssisəsi modeli olduğunu vurğulayaraq, alim
yetişdirmək kimi müqəddəs missiyanı öhdəsinə götürməsini yüksək
qiymətləndirib.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, Bakı Ali
Neft Məktəbi kimi ingilisdilli, yüksəksəviyyəli ali təhsil
müəssisəsində elmi əməkdaşlığın genişləndirilməsi üçün böyük
potensial var. O, Ali Məktəbdə rəhbərlik səviyyəsində elmin
inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayıb.

SOCAR-ın vitse-prezidentinin müavini Racu Vəliyev Bakı Ali Neft
Məktəbinin tələbələrinin yüksək səviyyədə, peşəkar mütəxəssis kimi
məzun olduqlarını qeyd edib: “Çox sevindirici haldır ki, BANM-də
təhsil alan gənclər onlar üçün burada yaradılan şəraitdən doğru və
düzgün formada faydalana bilirlər. Bu Ali Məktəbin məzunları çox
yüksək səviyyəli mütəxəssisdirlər. Bu cür istedadlı gənclərin,
peşəkar kadrların yetişdirilməsi ölkəmiz, dövlətimiz və SOCAR üçün
uğurdur”.

SOCAR-ın Baş geoloqu Arzu Cavadova və
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin
İsmayılov gənc alimlərə tövsiyələrini verərək, onların inkişafı
üçün hər cür dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, konfranslarda BANM-in 101 tələbəsi iştirak edir.
18-29 aprel tarixlərini əhatə edən Tələbə və Gənc Tədqiqatçıların
III Beynəlxalq Elmi Konfransları “Neft-qaz geologiyası və
mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya
təhlükəsizliyi-2022”, “Kimya və kimya mühəndisliyində dayanıqlı
inkişaf” mövzularında keçirilir.

Bu il konfranslara 238 tezis seçilərək qəbul olunub. Onlardan
101 tezis Bakı Ali Neft Məktəbinin tələbələrinə aiddir. Konfrans
iştirakçılarını BANM-in professor-müəllim heyəti ilə yanaşı,
“Schneider Electric” şirkətinin, “SOCAR AQŞ” MMC-nin, BP
şirkətinin, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun, AMEA-nın
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın
İdarəetmə Sistemləri İnstitutunun, AMEA-nın Aşqarlar Kimyası
İnstitutunun nümayəndələri qiymətləndirir.

Konfranslarda Bakı Ali Neft Məktəbinin tələbələri ilə yanaşı,
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət
Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət
Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik
Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət
Universiteti, Orta Doğu Texniki Universiteti, Azərbaycan Dövlət
Dəniz Akademiyası və AMEA-nın institutlarının gənc tədqiqatçıları
məruzələrlə çıxış edirlər.

Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Polymer” MMC, “SOCAR
AQŞ” MMC, BP, “Kinetics Technology”, “ABB Global Marketing”,
“Avandsis Group” MMM, “Emerson Process Management”, “Schlumberger”
şirkətləridir.

Xatırladaq ki, 2013-cü il tarixində ilk dəfə olaraq Bakı Ali
Neft Məktəbinin “İnformasiya və Kommunikasiya Texnologiyaları”
bölməsi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümünə həsr olunmuş I Tələbə Elmi-Texniki
Konfransı keçirilib. 2018-2019-cu illərdə Respublika elmi-texniki
konfransları keçirilib, 2020-ci ildən isə Beynəlxalq Elmi
Konfransları keçirilir.

Teqlər: