Bakı Ali Neft Məktəbində basketbol üzrə universitetlərarası ölkə birinciliyinin açılışı keçirilib (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) Təhsil Nazirliyi və Azərbaycan
Basketbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil
müəssisələrinin tələbələri arasında basketbol üzrə ölkə
birinciliyinin açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Ali
Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin
rektoru Elçin Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının rektoru Fuad Hacıyev, olimpiya çempionu Fərid
Mansurov, Təhsil Nazirliyinin və Azərbaycan Basketbol
Federasiyasının nümayəndələri iştirak ediblər.

Çempionatın açılışında çıxış edən təhsil nazirinin müavini
Firudin Qurbanov ali təhsil müəssisələrinin tələbələri arasında
keçirilən və Bakı Ali Neft Məktəbinin evsahibliyi etdiyi bu yarışı
əlamətdar hadisə olaraq qiymətləndirib: “Mən həmişə Bakı Ali Neft
Məktəbinə gələndə çox böyük qürur hissi keçirirəm. Müasir tələblərə
və standartlara cavab verən, ən yeni avadanlıqlarla təchiz edilmiş
kampusu, idman zalı hər bir azərbaycanlını sevindirməlidir. Ali
təhsil ocaqları arasında basketbol yarışları bir neçə il idi ki,
keçirilmirdi. Artıq çempionatın başlaması və belə şəraitdə
keçirilməsi sevindiricidir”.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq bir neçə
illik fasilədən sonra ali təhsil müəssisələri arasında keçirilən
ilk basketbol çempionatına rəhbərlik etdiyi Ali Məktəbin
evsahibliyi etməsinin qürurverici hal olduğunu bildirib. O qeyd
edib ki, basketbol universitetlər arasında ən geniş yayılan idman
növlərindən biridir və onun geniş yayılmasında təhsil naziri Emin
Əmrullayevin böyük rolu var. Rektor ali məktəblərdə idman
klublarının fəaliyyətinin vacibliyini də vurğulayaraq Bakı Ali Neft
Məktəbində 20-yə yaxın klub olduğunu əlavə edib. Elmar Qasımov 29
komandanın mübarizə aparacağı çempionatda dostluq və mehribanlığın
qalib gələcəyinə əminliyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Basketbol Federasiyasının icraçı
direktoru Fərrux Mahmudov çempionat iştirakçılarına uğurlar
arzulayıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında
basketbol üzrə respublika çempionatında 24 oğlan, 5 qızlardan
ibarət olmaqla, 29 komanda (24 universitet) iştirak edir.

Çempionatın ilk oyunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası ilə Bakı Dövlət Universitetinin komandaları arasında
baş tutub və Akademiyanın tələbələri 77-52 hesabı ilə qalib
gəliblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının
tələbələri ilə evsahibi Bakı Ali Neft Məktəbinin tələbələri
arasında keçirilməsi nəzərdə tutulan oyunda isə birinci komandanın
iştirak etməməsi səbəbindən BANM-in komandasına texniki qalibiyyət
verilib.

Teqlər: