Bacımı dəyənəklə döyürdü – Həyat yoldaşını qətlə yetirən polisin məhkəməsindən

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın polis şöbəsində
arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi
üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə ifadə verən mərhum zərərçəkmişin qardaşı Asif
Əliyev bildirib ki, ailə arasında söz-söhbətlər olub.

“Bacım mənə bir dəfə zəng elədi ki, qardaş, gəl məni götür,
özümü öldürəcəm, bu adamla yaşaya bilmərəm. Onu polis dəyənəyi,
təpiklə döymüşdü. Qızı vermədik. Gəldi qızı götürməyə, təkbətək
söhbətimiz oldu. Sivil qaydada başa saldım ki, bu cür həyat davam
etməz. Uzun söhbətdən sonra gördüm ki, başa düşdü məni. Sonra
barışıq oldu, bacımı götürüb apardı evə. Bu hadisə yenə təkrarlandı
və bacım yenə zəng edib mənə yalvardı ki, qardaş, məni gəl götür,
yoxsa, özümü öldürəcəm. Mən bunların sonunu yaxşı görmürdüm.
Qardaşı olsam da, ailənin işinə qarışmaq istəmirdim. Sentyabrın
30-u günü eşitdim ki, İsmayıl bacımı qətlə yetirib. Həmin gün mən
rayonda idim. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı
qətlə yetirə. Sadəcə onu deyə bilərəm ki, mənim bacım İsmayıl
tərəfindən yersiz yerə döyülürdü. Dəfndə və ya yasda onlar tərəfdən
heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar
Qaxda atam və qardaşımın himayəsindədir. Ömürlük həbs verilməsini
məhkəmədən xahiş edirəm”.

Şahid qismində ifadə verən mərhumun bibisi Gülxanım Yolçuyeva
isə deyib ki, X.Məmmədova qətlə yetiriləndə hadisə yerində
uşaqlarla olub: “Həmin gün Xanım taksi sürücüsünə yalvarıb ki, məni
bibimgilə çatdır. Sürücü də onu götürmək istəməyib, çünki Xanım çox
pis vəziyyətdə olub. Taksi sürücüsünə deyib ki, məni bibimgilə
çatdır, nə qədər pul desən, verəcəm. Həmin axşam mən də, Xanım da
yatmadıq həyacandan. İsmayılın onu nəyə görə döydüyünü mənə
danışdı. Votsapda adi bir qrup yazışmasına görə onu dəyənəklə
döyüb, başını divara çırpıb. Mənə deyəndə ki, 102-yə zəng edək,
dedim ki, atangillə də danış. Səhər 8-də çatdıq tədqiqatçının
yanına. Girdik otağına, danışdıq hadisəni. Və sənədlər hazırlandı,
ekspertizaya getmək üçün. İsmayıl gəlib içəri uşaqları öpdü.
İkisinin arasında heç bir dialoq olmayıb. Sonra Xanımı
güllələdi”.

24-cü polis bölməsinin sahə inspektoru Ramin Hacıyev bildirib
ki, mərhumə Xanım Məmmədov tərəfindən 102 xidmətinə döyülmə ilə
bağlı sorğu gəlib: “Əməliyyat qrupu olaraq getdik Xanım
Məmmədovanın otağına, amma qapını bizə açan olmadı. Biz Xanım
Məmmədova ilə əlaqə saxladıq. Dedi ki, bibimgildəyəm. 08:00-da
tədqiqatçı Füzuli Qurbanovun otağına yola saldım. Sonra İsmayıl
mənə zəng elədi, dedi ki şöbənin qarşısındayam və məni Füzuli
müəllim çağırıb. İsmayılı tanıyırdım, onun tağım komandiri olmuşam.
Həmin vaxt da Füzuli müəllim şöbənin qarşısında idi. Elə tədqiqatçı
İsmayılı qaldırdı rəisin otağına. İsmayılın onun yoldaşı olduğunu
bilmirdim”.

Daha sonra şahid qismində ifadə verən Füzuli Qurbanov bildirib
ki, həmin gün polis bölməsində tədqiqatçı köməkçisi imiş: “X.Məmmədova şikayətini bizə edəndən sonra idarə rəhbərliyinə
məruzə etdik. Çünki əməkdaşımız Ramin Hacıyev gəldi otağıma dedi
ki, İsmayıl polis nəfəridir. Belə olan halda biz sözsüz ki,
rəhbərliyə məruzə etməli idik. Rəisimiz də başa saldı ki, ailə
arasında söz-söhbətlər olur. Bizim xidmətin əməkdaşıdır, yaxşı hal
olmaz. Mən komputerin qarşısında idim. İsmayıl Məmmədov xidməti
otağa dəvət olunmamışdı. Girdi otağa, dedi ki, uşaqlarla görüşüb
çıxıram və uşaqla görüşdü, anidən mərhuməni qətlə yetirdi. Xanıma
2, ya 3 güllənin vurduğunu yəqin etdim. Mən onun qolundan tutanda
atəş açırdı. Sonra dedi ki, özümü öldürmək istəyirdim”.

Məhkəmənin növbəti baxış iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Nizami rayon Polis
İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl
Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında
yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində
xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən
öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət
Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə)
maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs
qismində istintaqa cəlb edilib.

Teqlər: