Azərbaycan nümayəndə heyəti Dağıstanda rəsmi səfərdə olub (FOTO)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci
müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun
rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Rusiya
Federasiyasının Dağıstan Respublikasında rəsmi səfərdə olub.

Komitədən AzerTimes-a bildirilib ki, səfər Azərbaycan-Rusiya
sərhədində, Samur-Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış
məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının aradan
qaldırılması məsələsinin müzakirə edilməsi məqsədilə həyata
keçirilib.

Nümayəndə heyəti səfər çərçivəsində Yaraq-Qazmalar gömrük-sərhəd
buraxılış məntəqəsini ziyarət edib, burada aparılan təmir-tikinti
işlərinın gedişi ilə tanış olub. Bununla yanaşı, Azərbaycan-Rusiya
sərhədində yerləşən “Novo-Filya” gömrük-sərhəd buraxılış məntəqəsi
də ziyarət edilib, buradan dolu yük maşınlarının Azərbaycandan
Rusiyaya buraxılması imkanları dəyərləndirilib.

Səfər zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və
Dövlət Sərhəd Xidmətinin, eləcə də Rusiyanın Federal Gömrük
Xidməti, Federal Dövlət Xəzinə İdarəsinin dövlət müəssisəsi
“Rosqranstroy” və Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi
əməkdaşlarının iştirakı ilə ikitərəfli görüş keçirilib.

Görüşdə Rusiya tərəfi Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış
məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının
məntəqədə aparılan təmir-tikinti işlərindən qaynaqlandığını və
müvəqqəti xarakter daşıdığını bildirib. Bununla yanaşı,
təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması, mövcud şərait
nəzərə alınmaqla məntəqənin buraxılış qabiliyyətinin mümkün qədər
maksimum həddə saxlanılması və əlavə zəruri tədbirlərin görülməsi
üçün müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə
məsləhətləşmələrin aparılacağı qeyd edilib.

Görüşün yekunları üzrə “Şirvanlı” – “Novo-Filya” gömrük-sərhəd
buraxılış məntəqəsinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi
və buradan dolu yük maşınlarının keçidinin təmin edilməsi məsələsi
geniş müzakirə olunub.

“Yaraq-Qazmalar” buraxılış məntəqəsindən keçən yük axınının
azaldılması məqsədilə tərəflərin dəmir yolu nəqliyyat növündən də
istifadəsi, “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin, burada
aparılan yenidənqurma işləri nəzərə alınmaqla, buraxılış
qabiliyyətinin artırılması razılaşdırılıb. Azərbaycan tərəfində
“Xanoba” gömrük-sərhəd buraxılış məntəqəsində yenidənqurma işləri
başa çatdıqca nəqliyyat vasitələri üçün hərəkət zolaqlarının
mərhələli şəkildə istifadəyə verilməsi imkanlarının nəzərdən
keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə
razılıq əldə edilib.
Görüşdə, eyni zamanda, meyvə-tərəvəz və digər tez xarab olan
məhsulları daşıyan nəqliyyat vasitələrinin buraxılışına üstünlük
veriləcəyi barədə maraqlı tərəflərin məlumatlandırılması və cari
məsələlərin müzakirəsi üçün rüblük əsasda görüşlərin təşkili qərara
alınıb.

Teqlər: