AzTV “Quruluş: Osman”ı yayımlayacaq

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yayımlandığı
gündən Türkiyə seriallarının reytinq siyahısında birinci olan daha
bir tarixi serialı – “Quruluş: Osman”ı yayımlayacaq.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, “Bozdağ film”in istehsalı olan serialın yayım
hüququ ilə bağlı müqavilə artıq imzalanıb.

Çəkilişləri hələ davam edən serial Azərbaycan dilinə dublyaj
olunacaq. “Quruluş: Osman”ın AzTV-də sentyabr ayından yayımlanması
planlaşdırılır.

“Quruluş: Osman” serialı hazırda Türkiyənin “ATV” kanalında
nümayiş etdirilir və efirə verildiyi gündən reytinqdə ilk pillədə
qərarlaşıb. Əksər vaxtlarda 10 və yuxarı reytinq alır.

Ssenarisi Mehmet Bozdağa aid olan serialda tanınmış aktyorlar –
Burak Özçivit, Yıldız Çağrı Atiksoy və digərləri rol alıblar.

“Quruluş: Osman” serialı hazırda AzTV-də yayımlanan “Diriliş:
Ərtoğrul” serialının davamıdır.

Serial Ərtoğrul qazinin oğlu, Osmanlı İmperiyasının qurucusu və
ilk hökmdarı I Osmanın həyatından bəhs edir. Onun keşməkeşli həyat
və döyüş yolu, imperiyanın qurulması istiqamətində fədakarlığı
serialda tarixi hadisələrə əsaslanaraq bədii formada nümayiş
olunur.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC
dünyanın müxtəlif ölkələrinin media qurumları ilə əlaqələr qurmağa
davam edir. Hazırda Pakistan, Serbiya, İran media qurumları ilə
qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparılır və memorandumlar
imzalanır.

Teqlər: