“Aztelekom”la bağlı araşdırmaların nəticəsi açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə
məxsus ümumistifadəli, telekommunikasiya şəbəkəsindən istifadə
zamanı yaradılan maneələr barədə bir sıra özəl internet servis
provayderlərinin müraciətləri ilə əlaqədar antiinhisar
qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair
qərar qəbul edib.

Dövlət Xidmətindən AzerTimes-a
verilən məlumata görə, işə baxılması zamanı “Aztelekom” MMC
tərəfindən telekommunikasiya fəaliyyətinin rəqəmsal transformasiya
siyasətinə uyğun təşkilinin, həmçinin dövlət-özəl sektor
tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən
tədbirlərin bu sahədə narazılıqları aradan qaldıracağı bildirilib,
xidmətlərin istehlakçılara çatdırılması prosesində özəl
provayderlərin daha geniş iştirakına şərait yaradılacağına, onların
telekommunikasiya şəbəkəsində iştirakı barədə müraciətlərinə
ayrı-seçkilik qoyulmadan qanunvericiliyin tələbləri çərçivəsində
baxılacağına zəmanət verilib.

Bununla yanaşı, Dövlət Xidmətinin qərarında “Aztelekom” MMC
tərəfindən telefon kommunikasiya xidmətlərinin göstərilməsi
sahəsində rəqabət mühitinin yaradılması üçün bazar iştirakçılarının
müraciətlərinə baxılmasının, habelə şəbəkəyə giriş, icarə üzrə
aydın və bərabər şərtləri nəzərdə tutan ümumi qaydaların qəbul
edilməsinin, icarə tariflərinin müəyyənləşdirilməsinin, sənədlərin
rəsmi internet portalında yerləşdirilməsinin 30 aprel 2022-ci il
tarixədək təmin edilməsinin zəruriliyi qeyd olunub.

Dövlət Xidmətində işə baxılma zamanı “Aztelekom” MMC-nin üzərinə
götürdüyü öhdəliklər, o cümlədən qeyd edilən hallar və verdiyi
zəmanət nəzərə alınaraq qaldırılmış iş üzrə icraata xitam
verilib.

Qərarda həmçinin, telefon kommunikasiya xidmətlərinin
göstərilməsi sahəsində bazar iştirakçılarının fəaliyyətinə
gələcəkdə maneələrin yaradılacağı və “Aztelekom” MMC tərəfindən
yuxarıda göstərilən öhdəliklərin yerinə yetirilmədiyi halda Dövlət
Xidmətinin təbii inhisarlar haqqında qanunvericilikdə nəzərdə
tutulan tədbirlərin görüləcəyi əks olunub.