AzMİU-da narkomaniya ilə mübarizə layihəsi çərçivəsində keçirilən görüşdə millət vəkilləri gəncləri məlumatlandırıblar (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Aktor”
İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə
“Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində
təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrlə
görüş keçirilib. Görüşdə millət vəkilləri – Elm və təhsil
komitəsinin sədr müavini Musa Qasımlı, Ailə, qadın və uşaq
məsələləri komitəsinin üzvü Ramin Məmmədov, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş
məsləhətçisi Tural Hüseynzadə, Komitənin nəzdində İctimai Şuranın
üzvü Kəmalə Haşımova və “Təzadlar” qəzetinin baş redaktoru Asif
Mərzili iştirak edib.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr
müavini Telman Məmmədov giriş nitqi ilə tədbiri açaraq təmsil
etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb,
narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində
önəmli yer tutduğunu vurğulayıb. O, bu günki görüşdə səslənəcək
fikirlərin, irəli sürüləcək təkliflərin, təhlillərin problemi birgə
səylərlə aradan qaldırmaq, qarşısını almaq baxımından faydalı
olacağına əminliyini bildirib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları və
tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, ailə
institutuna göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. 44
günlük Vətən müharibəsində ölkə prezidenti, Ali Baş komandan İlham
Əliyevin rəhbərliyi altında qalib Ordumuzun 30 illik işğala son
qoymasından, canından, qanından keçən qəhrəman oğullarımızın
hünərindən söz açıb. Ölkəmizdə belə nümunəvi gənclərlə yanaşı, pis
vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan
narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən rektor
narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə
mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini
vurğulayıb.
Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata
keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından
danışan millət vəkili Musa Qasımlı da çıxışında müzakirə olunan
problemin təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemi
olduğunu qeyd edib. O, narkomaniya bəlasının fəsadları ilə bağlı
məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da
gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından
istifadənin səmərəliliyinə diqqət çəkib.
Narkotik aludəçilərinin, narkomaniya qurbanlarının statistikasının
ilbəil artmasına diqqət çəkən Milli Məclisin üzvü Ramin Məmmədov
tələbələrin sosial şəbəkələrdə aktivləşməsinin, narkotikləri təbliğ
edənlərə qarşı kompleks şəkildə mübarizə aparmasının zəruriliyinə
toxunub.
Müzakirə olunan problemlə bağlı Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi nəzdində İctimain Şuranın üzvü Kəmalə Haşımova
təmsil etdiyi təşkilatın gördüyü işlərdən danışıb. Bu bəlanın
qarşısının alınmasında ictimai maarifləndirmənin ənənəvi forma və
metodları ilə yanaşı, sosial medianın rolunu xüsusi qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi
Tural Hüseynzadə son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin
artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu diqqətə
çatdırıb. “Bu problemdən çıxış yolu gənclər arasında sağlam həyat
tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi,
onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət,
təhsil və idman tədbirlərinə cəlb edilməsidir”.
Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilən bukletlər,
qələm və dəftərlər paylanılıb.

Teqlər: