Avronest Parlament Assambleyasının iclasında iştirak edən Milli
Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvana
səfəri başa çatıb.
Trend xəbər verir ki, bu barədə Tahir Mirkişili məlumat
verib.
T.Mirkişili bildirib ki, çətin və mürəkkəb bir səfər idi. Xeyli
təhlükəsizlik və psixoloji məsələlər var idi.
“Amma bütün çətinliklərə baxmayaraq calışdıq ki, qalib ölkəmizi
İrəvanda layiqincə, qalib formasında təmsil edək. Şəhidlərimizin
müqəddəs qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın dəmir
yumruğu, xalqımızın iradəsi və dəyanəti hesabında əldə etdiyimiz
qələbəyə zərər gətirəcək hər hansı hərəkətə yol verməyək. Parlament
diplomatiyası çərçivəsində nə bacardıqsa onu da etdik. Əminəm ki,
bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını
edəcəklər.
Qısa olaraq aşağıdakıları qeyd etmək istərdim: Ermənistan
cəmiyyətinin müxtəlif nümayəndələri ilə, restoranda xidmətçiləri,
mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr
aparmaq şansımız oldu. Etiraf etmək lazımdır ki, onlar üçün yeni
reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq,
Azərbaycan ilə sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq,
müharibənin bir də olmamasını istəyirlər. Düşünürəm ki, cəmiyyətin
böyük bir hissəsi belə düşünür.
Digər tərəfdən, aqressiv olan, millətçilərdən ibarət bir kəsim
də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul
etmirlər. Hesab edirəm ki, bu kəsimdə də həmişə olacaq. Biz bunu
hər zaman nəzərə almalıyıq.
Reallıq bundan ibarətdir ki, biz regionun ən güclü və ən aparıcı
ölkəsiyik. Bizim Prezidentimiz dünya şöhrətli, güclü və ağıllı bir
siyasətçidir. Dövlətimiz çox güclüdür. Cəmiyyətimiz kifayət qədər
həmrəydir. Bütün bu üstüslüklərdən istifadə edərək, biz
Ermənistanla sülh şəraitində yaşamağa cəhd edirik, və bunu onlar da
doğru olaraq anlayırlar və pozitiv mesaj kimi qəbul edirlər. Bizim
səfərimiz də bu fikrin onlarda, yəni sağlam kəsimdə formalaşmasında
müsbət rol oynadı.
Amma eyni zamanda, revanşist, millətçi qüvvələrə qarşı sərt
cavab verməyə də həmişə hazır olmalıyıq, bizim güclü dövlət olaraq
sərt cavabımız həm də Ermənistandakı sağlam qüvvələrin ümidinə
çevriləcəkdir.
Yekun olaraq, biz İrəvana Müzəffər Ali Baş Komandanımıza, güclü
dövlətimizə güvənərək getmişdik, biz bu güvəni, dəstəyi hər an orda
hiss etdik. Milli Məclisin rəhbəri Sahibə xanımın daim bizimlə
təmasda olması, sanki onun bizlə orda bir yerdə olması təəssüratı
yaradırdı. Bütün bunlar isə, bizə lazımı dərəcədə özümüzə əmin
olmağa, dövlətimizin və xalqımızın marağını istənilən situasiyada
qorumağa, ən çətin şəraitdə belə cəsarətlə həqiqətləri deməyə imkan
yaradırdı. Bu dəstəyə görə Ali Rəhbərliyimizə, Milli Məclis
rəhbərinə, dövlət rəsmilərimizə öz dərin minnətdarlığımızı
bildiririk!
Eyni zamanda, media nümayəndələrinə, sosial şəbəkərlərdə dəstək
materialları və şərhləri yazan bütün hər kəsə təşəkkür edirik! Bu
bizim üçün qeyri-standard şəraitdə adi bir işgüzar səfər idi,
əminəm ki, bundan sonra belə səfərlər çox olacaqdır.
Yaşasın qəhrəman xalqımız, Müzəffər Ali Komandanımız, rəşadətli
əsgərlərimiz!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – deyə o
bildirib.