Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı bölgədə dayanıqlı sülhə və tərəqqiyə böyük töhfədir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan və Rusiya arasında münasibətlər dinamik inkişafdadır.
İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan
etibarlı dostluq əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki,
Prezident İlham Əliyevi 60 illik yubileyi ilə təbrik edən Prezident
Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas
məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır,
onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə
razılığa gəlirsənsə, tama əmin ola bilərsən ki, vəd yerinə
yetiriləcəkdir. Əlbəttə dövlət başçıları arasında bu cür səmimi və
etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik
və firavan şəraitdə rahat yaşaması üçün zəruridir.

Bunu AzerTimes-a Milli
Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

“Hesab edirik ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli
əlaqələrinin möhkəmləndirilməsi, birgə əməkdaşlığın keyfiyyətcə
yeni mərhələyə keçməsi Cənubi Qafqazda yeni münasibətlərin
qurulması baxımından olduqca əhəmiyyətlidir. Qeyd etməliyik ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörənliklə
həyata keçirdiyi məqsədyönlü uğurlu xarici siyasət həm Türkiyə, həm
Rusiya, həm də Türkiyə-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsinə yaxşı imkanlar yaratdı. Bu dövlətlərlə
yaradılmış münasibətlər də imkan verdi ki, Azərbaycan Ermənistanın
növbəti hərbi təxribatlarının həm qarşısını alsın, həm də qarşısını
alaraq, Vətən müharibəsində öz ərazilərini işğaldan azad etdi.

Bu gün Azərbaycanla Rusiya arasında mövcud olan ikitərəfli
münasibətlər yeni səviyyəyə yüksəlmişdir. Bu münasibətlərin daha
dərinləşdirilməsi üçün yeni sazişlərin, müqavilələrin imzalanması
günün tələbidir. Prezident İlham Əliyevin Rusiyaya səfəri
ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə – diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutur. Bu
hadisə hər iki ölkədə yüksək qiymətləndirilir. Azərbaycan və Rusiya
müstəqil, suveren dövlətlər deyil, həm də çox yaxın dost
dövlətlərdir. Rusiyada bir neçə milyon azərbaycanlı yaşayır və
fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda üç yüz minə yaxın rus
əsilli vətəndaşımız rahat yaşayır və fəaliyyət göstərir. Vətən
müharibəsində torpaqlarımızı işğaldan azad edərkən neçə rus əsilli
qəhrəmanlarımız şəhid oldular. Onlar Vətən uğrunda, gələcək
nəsillərin xoşbəxt və təhlükəsiz yaşamaları uğurunda döyüşərək
şəhidlik zirvəsinə yüksəldilər. Onların əziz xatirəsi həmişə
xalqımızın qəlbində yaşayacaqdır” – deyə o bildirib.

Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Rusiya
Prezidenti Vladimir Putin ermənilərin və ermənipərəst qüvvələrin
bütün təxribatçı suallarına və tələblərinə cavab verərək dəfələrlə
bildirdi ki, Azərbaycan öz ərazilərində döyüşür və Qarabağ
Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Biz tezliklə müharibənin
bitməsini istəyirik, bölgədə sülh istəyirik, amma Ermənistanın Baş
naziri Paşinyan bu təklifi qəbul etmir. Azərbaycan isə sülh,
inkişaf, xalqların rahat yaşamasını, qonşuların əməkdaşlığını
istəyir. Əlbəttə, Rusiya Prezidentinin bu ədalətli dəstəyi,
həqiqəti öz xalqına və dünyaya çatdırması ölkələrimiz və
xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyədə
qurulduğundan xəbər verirdi.

“Azərbaycanın, Türkiyə və Rusiyanın dəstəklədiyi “3+3”
əməkdaşlığının qurulması, sülhün və iqtisadi inkişafın davamlı və
dayanıqlı olmasını təmin etmək, erməni terrorçu birləşmələrinin və
kənar qüvvələrin bölgəyə müdaxiləsinin qarşısının alınması,
Azərbaycanın bloklara qoşulmama siyasəti baxımından da Rusiya ilə
müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq bəyannaməsinin
imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi və Moskva
Bəyannaməsi Qarabağın azad ediməsindən sonra yaranmış yeni
geosiyasi reallıqlara tam cavab verir və əldə edilmiş uğurları
möhkəmləndirir. Bu, təbii ki, münasibətlərimizin inkişafında yeni
mərhələdir.

Prezidentlərin 22 fevral 2020-ci il tarixdə Moskvada keçirilən
görüşündə Prezident Vladimir Putin dedi: “Düşünürəm ki, indiki
həyatımızda hələ də yaranan problemlərə baxmayaraq, biz indiki
səviyyəyə çatdığımızdan razı qala bilərik”. Əlbəttə, bu, iki ölkə
arasındakı münasibətlərin yüksək səviyyədə olmasından və hər iki
dövlət başçısının bir-birini yaxşı anlamasından, baş verən
hadisələrə düzgün qiymət vermələrindən xəbər verir.
Prezident İlham Əliyev ikitərəfli görüş zamanı qırx bənddən çox
olan bu sənədin tarixi əhəmiyyətli olduğunu qeyd edərək bildirdi
ki, bu həm bizim ölkələrimiz arasında münasibətlərə, həm də
regional təhlükəsizliyə pozitiv təsir göstərəcəkdir. Müttəfiqlik
sahəsində qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı ən mühüm
sahələri əhatə edir.
Əlbəttə, Azərbaycan xalqının Rusiyadan müəyyən gözləntiləri də var
ki, onların da yaxın zamanlarda həya keçəcəyinə inanırıq.

Fikrimizcə, Azərbaycanla Rusiya arasında keyfiyyətcə yeni
səviyyədə qurulan münasibətləri özündə əks etdirən müttəfiqlik
sahəsindəki əməkdaşlıq bölgədə yaranmış yeni reallıqları daha da
möhkəmləndirəcək və milli maraqlarımızın təmin edilməsinə xidmət
edəcəkdir”, – B.Əliyev əlavə edib.

Teqlər: