Azərbaycanla Litva arasında əlaqələr inkişaf etməkdədir – Səttar Möhbalıyev

Azərbaycanın xarici siyasi strategiyasının mühüm tərəflərindən
birini Avropa ölkələri ilə münasibətlər təşkil edir. Bu istiqamətdə
Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi,
iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq
əlaqələri dinamik olaraq inkişaf etməkdədir. Yeri gəlmişkən,
xatırladım ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk
ölkələrdən biri olub. İkitərəfli münasibətlərdə hüquqi baza
formalaşıb, bir sıra mühüm sənədlər imzalanıb. Davamlı olaraq hər
iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirir
və bu istiqamətdə fəallıq nəzərəçarpacaq dərəcədə yüksəkdir. Dövlət
başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu
əlaqələri daha da möhkəmləndirir. Bu istiqamətdə mayın 18-də Litva
Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfərini əhəmiyyətli
hesab edirəm və ikitərəfli əlaqələrimizə mühüm töhfə olacağına
inanıram. Həmçinin səfər bütün sahələr üçün, xüsusilə iqtisadi
əməkdaşlığımızın daha da dərinləşməsinə gətirib çıxaracaq.
Azərbaycanda əlverişli biznes mühütünün mövcudluğu hamıya aydındır,
bu litvalı investorlar üçün də, təbii ki, sərfəlidir.
Azərbaycan-Litva biznes forumunun keçirilməsi, bu aspektdə
müzakirələrin aparılması və bir sıra sənədlərin imzalanması hər iki
ölkə üçün son dərəcə əhəmiyyətlidir.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev dövlətimizin başçısı cənab İlham Əliyevin
Azərbaycan-Litva biznes forumunda səsləndirdiyi bir sıra məqamlara
diqqət çəkib: “Azərbaycan dünyanın, eləcə də Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında əsas aparıcı dövlətlərdən
birinə çevrilməkdədir. Həyata keçirilən uğurlu layihələr, o
cümlədən nəhəng Cənub Qaz Dəhlizinin reallaşdırılması bunu deməyə
imkan verir. Qeyd edim ki, əgər ölkəmizdə əvvəllər neft-qaz sektoru
investisiya üçün daha çox cəlbedici idisə, aparılan uğurlu
islahatlar nəticəsində artıq bu gün qeyri-neft sahəsi də xarici
şirkətlərin maraq dairəsindədir. Prezidentimizin ifadə etdiyi kimi,
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritet təşkil
edir. Təbii ki, bu da ölkə iqtisadiyyatının hərtərfli inkişafı və
dayanıqlı olması baxımından çox vacibdir. Son 4 ayda ölkə
iqtisadiyyatında 7,2 faiz artmın müşahidə olunması, xüsusən bunun
qeyri-neft sektorunda 11,4 faiz təşkil etməsi, həmçinin ixrac
potensialının yüksəlməsi, işsizlik səviyyəsinin xeyli aşağı
düşməsi, Azərbaycanın iqtisadi qüdrətinin artan tempini bir daha
təsdiqləmiş olur. Qeyd etdiyimiz bütün bu məqamlar dövlətimizin
başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
effektli islahatların faydalı nəticələridir”.

“Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatlarla
çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın mövqeyini bir daha
ortaya qoydu: Cənubi Qafqazda sülh, əməkdaşlıq və qarşılıqlı
fəaliyyət. Bu, onu göstərir ki, ölkəmiz bölgədə davamlı sülhün,
sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Təbii ki,
Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar da buna əsaslanır.
Odur ki, 30 ilə yaxın bir müddət ərzində özünün işğal siyasəti ilə
regionu iflic edən, inkişafına mane olan Ermənistandan fərqli
olaraq Azərbaycanın mövqeyi sülh və təhlükəsizlik şəraitində
qarşılıqlı əməkdaşlıqla bütün regionun hərtərəfli inkişafını
hədəfləyir”, – Milli Məclisin deputatı deyib.

Teqlər: