Azərbaycanın xarici siyasəti bölgədə müharibə risklərinin azalmasına xidmət edir – Kamaləddin Qafarov

“Azərbaycan istər postmünaqişə dövrünün birinci ilində, istərsə
də cari ilin ilk üç ayı ərzində ölkə qarşısında duran bütün
vəzifələri uğurla icra etmiş, bütün sahələrdə yüksək nəticələr
qazanmışdır. 2021-ci il məhz müharibədən sonra keçən birinci il
kimi ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb etmişdir. Keçən
il Azərbaycan eyni zamanda iki böyük məsələnin həllinə nail
olmuşdur. Bu vəzifələrdən biri işğaldan azad edilmiş
torpaqlarımızda bərpa işlərinə start vermək, digəri isə bu
proseslərə paralel olaraq Azərbaycanın Cənubi Qafqazda yaratdığı
yeni reallıqları beynəlxalq müstəvidə planlı şəkildə qəbul etdirmək
idi. Artıq bu gün hər iki istiqamət üzrə əldə edilmiş nəticələr göz
qabağındadır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, cari ilin ilk üç ayı ərzində
Azərbaycanda müşahidə olunan dinamik inkişaf ötən il ölkəmizdə
gedən proseslərin məntiqi davamıdır: “Postmüharibə dövründə
Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışarkən, ölkəmizin
beynəlxalq təşkilatlarla təmasları və fəal əməkdaşlığı xüsusi qeyd
olunmalıdır. Prezident İlham Əliyev aprelin 12-də keçirilmiş və bu
ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi
çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirib ki, dünyanın
aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul
edilməsi Azərbaycanın böyük uğurudur. Bu baxımdan bir müddət əvvəl
BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30
illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar
hadisə idi. BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz
tanıyır. Ölkəmiz BMT-yə üzv olandan sonra işğal dövründə BMT və
qurumun Təhlükəsizlik Şurası Azrbaycanın xeyrinə bir neçə ədalətli
qərar qəbul etmişlər. Lakin bu qərarlar 30 ilə yaxın bir müddətdə
kağız üzərində qaldı. Nəhayət, Azərbaycan Qarabağ münaqişəsini öz
gücünə, birtərəfli qaydada həll etdikdən sonra BMT-nin də üzərindən
böyük bir məsuliyyət götürüldü. Yeri gəlmişkən, Şuşada keçirilən bu
tədbirin önəmini vurğulayan maraqlı məqamlardan biri də bu
beynəlxalq tədbirin Ermənistanda kütləvi isterikaya səbəb olması
idi. Dövlət başçısının qeyd etdiyi kimi, postmüharibə dövründə
Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter
almışdır. Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını
qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında
üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul
olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” adı və “münaqişə” sözü
yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə
artıq həll olunub və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı
inzibati ərazi vahidi mövcud deyil. Bu gün artıq inamla demək olar
ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin
normallaşması ilə yaxından məşğuldur və həqiqətən də bu
normallaşmada maraqlıdır.Bu normallaşmaya doğru ilk addımın
atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və
Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə,
Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana
qarşı ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və Cənubi
Qafqazda davamlı sülhün və stabilliyin bərqərar olması üçün vacib
şərtdir.”

Millət vəkili qeyd edib ki, Azərbaycan müəllifi olduğu yeni
regional reallıqların yaratdığı imkanlardan bütün bölgə ölkələrinin
yararlanmalarının tərəfdarıdır: “Azərbaycanın təkcə özünün deyil,
həmçinin bütün bölgənin gələcək inkişafına dair son dərəcə aydın
təsəvvürləri və real planları var. Dövlət başçımızın da qeyd etdiyi
kimi, Azərbaycan öz məqsədlərinə çatmaq üçün bundan sonra da bütün
imkanlardan istifadə edəcək. Bu məqsədlər isə Cənubi Qafqazda
sülhün və əmin-amanlığın bərqərar olmasına, müharibə risklərinin
böyük dərəcədə azalmasına xidmət edir. Lakin Azərbaycan sülh
uğrunda çalışmalarına rəğmən işğalı, işğal dövründə qarşılaşdığı
erməni vəhşiliyini də heç zaman unutmamalıdır. Azərbaycan
Prezidentinin öz çıxışında toxunduğu uncə bir məqamı xüsusi olaraq
vurğulamaq lazımdır. Prezidentimiz dedi ki, bu gün Azərbaycan
güclü, Ermənistan isə zəif tərəfdir. Ermənistanın bütün davranışı
da məhz bu amillərə söykənir. Həqiqətən də əgər biz bir xalq olaraq
1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən bizə qarşı
aparılmış etnik təmizləmə və işğal siyasətini, Xocalı soyqırımını,
digər qətliamları unutsaq, tarix bunu bizə bağışlamaz. Azərbaycan
30 il ərzində tam siyasi və iqtisadi müstəqilliyə nail oldu. Bu
müstəqillik bizə 44 günlük Vətən müharibəsində qalib gəlmək və
gələcək ordu quruculuğunu da öz gücümüzə əsaslanaraq aparmaq imkanı
verib. Azərbaycan postmüharibə dövründə də yeni, müasir silahları,
texnikaları almaqda davam edir. Müharibədən sonra yeni qoşun növü –
Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi
bazasının açılışında Prezident İlham Əliyev şəxsən iştirak
etmişdir. Həmçinin İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq
göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı
artırılır və bu proses indi də davam edir. Azərbaycan bütün Cənubi
Qafqazda sülhün və sabitliyin əsas qarantıdır”.

Teqlər: