Azərbaycanın ərazilərini işğaldan azad etməsinə çox sevinirik – Qazaxıstanlı jurnalist

Füzuli. Trend:

Azərbaycan qardaş ölkədir və ərazilərini işğaldan azad etməsinə çox sevinirik.

Bunu AzerTimes-a müsahibəsində Qazaxıstandan olan jurnalist Rauşan Saylauqızı Türk Şurasına üzv ölkələrin mətbuat nümayəndələrinin və müşahidəçilərinin Azərbaycanın azad edilmiş ərazilərinə mediaturu zamanı deyib.

Gördükləri ilə bağlı təəssüratlarını bölüşərkən, jurnalist Qazaxıstanda tərk edilmiş evlərin olduğunu, lakin Azərbaycanın azad edilmiş ərazilərində tamamilə fərqli bir vəziyyətin müşahidə edildiyini qeyd edib: “Bizdə sakinlər sadəcə olaraq kəndlərindəki evlərini tərk edərək şəhərlərə köçürlər. Amma burada hər şey dağıdılıb, insanların həyatı məhv edilib. Ürəyimdəki ağrı ilə insanların burada necə yaşadıqlarını və evlərindən qovulduqlarını təsəvvür edə bilərəm”.

Qazaxıstanlı jurnalist ərazilərin minalardan təmizlənməsi, bərpası və insanların öz torpaqlarına qaytarılması işlərinin tezliklə başa çatdırılmasını arzuladığını bildirib.

Qeyd edək ki, mediatur çərçivəsində Türk Şurası ölkələrinin mətbuat nümayəndələri və müşahidəçiləri Azərbaycanın azad edilmiş ərazilərində olublar.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan 20 -dən çox jurnalist iştirak edir.

Səfər erməni vandalizminin nəticələri, ermənilər tərəfindən Azərbaycanın yaşayış məntəqələrini və tarixi abidələrini məhv etməklə bağlı media nümayəndələrini məlumatlandırmaq məqsədi daşıyır.

Üç günlük səfər zamanı jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncəni ziyarət edəcəklər. Səfərin ilk günündə Füzulidə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin nümayəndələri ilə görüş, minatəmizləmə prosesinin müşahidəsi, Alxanlı məscidinə baş çəkmə, habelə Cəbrayıl şəhərində dağıntıların miqyası ilə tanışlıq planlaşdırılıb. Jurnalistlər məhv edilmiş müsəlman tarixi və dini abidələrini, qəbiristanlıqlarını görəcəklər.

Teqlər: