Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
və Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti
üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında əməkdaşlığın
genişləndirilməsi, ikitərəfli ticarət məsələlərinin həllində
konstruktiv dialoq mühitinin mövcudluğu və ölkəmizin fitosanitar
nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini
verməkdədir.
AQTA-dan AzerTimes-a verilən
məlumata görə, belə ki, 2021-ci il 11 iyun tarixində AQTA və “Rosselxoznadzor” arasında aparılan danışıqlar nəticəsində 2022-ci
il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu
nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdir. Bu sahədə
hazırkı şəraitdə mövcud olan infrastruktur nəzərə alınaraq müddətin
uzadılması ilə bağlı AQTA tərəfindən Rusiya Federasiyası Dövlət
Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə rəsmi
müraciət olunmuş, Agentlik sədri Qoşqar Təhməzli ilə
“Rosselxoznadzor” rəhbəri Sergey Dankvert arasında 14 fevral
2022-ci ildə növbəti danışıqlar həyata keçirilmişdir. Aparılan
danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan
məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın
müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilmiş və alma və
pomidor məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol
vasitəsilə daşınması müsbət həllini tapmışdır. Birgə səmərəli
fəaliyyətə, Azərbaycandan Rusiyaya alma və pomidor məhsullarının
ixrac prosedurlarının sadələşdirilməsi, eləcə də AQTA-nın zəmanəti
əsasında bu ölkəyə məhsul ixracına icazələrin verilməsi ilə bağlı
Q.Təhməzli rusiyalı həmkarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar
Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən
kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab
verən konteynerlərlə daşınması tələbi mövcuddur.
Hazırda ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227
pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma
ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948
ton təşkil edir.