BSU-da “Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar keçirilib (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

Fevralın 15-də Bakı Slavyan Universitetində (BSU) Təhsil
Nazirliyinin və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər
Cəmiyyətinin birgə təşkilatçılğı ilə “Open Science Azərbaycan: Gənc
Tədqiqatçılar arasında Open Science Platformasının Təbliği”
layihəsi çərçivəsində seminar keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, Elmi işlər üzrə
prorektor, professor Rafiq Novruzov seminarın BSU-da keçirilməsini
müsbət hal kimi qiymətləndirib və bunun gənc alimlərin
tədqiqatçılıq səriştələrinin artmasına əhəmiyyətli təsir
göstərəcəyini vurğulayıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc
Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru
İlqar Orucov layihə barədə məlumat verib. Qeyd edib ki, layihə gənc
tədqiqatçıların xarici həmkarları ilə əlaqələrinin güclənməsinə,
elmi araşdırmalarını daha geniş auditoriyalarda təqdim etmələrinə
və Avropa elm məkanına inteqrasiya olunmalarına imkan yaradır.

Sonra cəmiyyətin eksperti, fəlsəfə doktoru Sevinc Ədilova “Open
Science-elmin inkişafı üçün yeni konsepsiyalar” mövzusunda və “Açıq
tədqiqat materialları. İndekslər və data bazalar və elmi
məqalələrin axtarışlar sistemi” mövzusunda geniş təqdimatlarla
çıxış edib. Bildirib ki, layihə elmi-tədqiqatların tamamilə şəffaf
aparılması təcrübəsini təşviq edir və elmi araşdırmaların
nəticələrini hamıya çatdırır, gənc alimlərin məqalələrinin nüfuzlu
beynəlxalq elmi jurnallarda dərc olunması imkanını yaradır.
Layihənin məqsədi elmi-tədqiqatların, məlumatların və onların
yayılmasının cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan
olmasını təmin etməkdir.

BSU-nun layihəyə qoşulan magistrant və doktorantlarına
sertifikatlar təqdim edilib. Onların arasından daha perspektivli 25
magistrant və doktorantın seçilməsi və gələcək elmi
fəaliyyətlərinin genişləndirilməsi üçün müxtəlif tədbirlərin
keçirilməsi nəzərdə tutulur.

Teqlər: