Azərbaycandan Avropaya qoyun yununun ixracı ilə bağlı ilkin razılıq əldə olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ilə Avropa Birliyi ölkələrinin müvafiq qurumları arasında
əməkdaşlığın genişləndirilməsi və ölkəmizin baytarlıq nəzarəti
sisteminin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE)
standartlarına uyğunlaşdırılması istiqamətində işlər davam
etdirilir.

AQTA-dan AzerTimes-a
bildirilib ki, birgə fəaliyyətlər zamanı əldə olunmuş qarşılıqlı
etimadın nəticəsi olaraq, Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş baytarlıq
sertifikatları Avropa Birliyi ölkələrində tanınmağa
başlanmışdır.

Ölkəmizdə ixrac potensialına malik məhsullardan biri də qoyun
yunudur. Bu istiqamətdə ölkəmizin ixrac imkanlarının
genişləndirilməsi məqsədilə Avropa Birliyi ilə danışıqlar
aparılmış, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilmişdir.
Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə
qiymətləndirilməli və müvafiq məlumatlar Avropa Birliyinin
aidiyyəti qurumlarına təqdim olunmalıdır. Müvafiq məlumat bazasında
qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş
baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə
bilər.

Avropa Birliyinə yun ixrac edilməsini planlaşdıran müəssisələrin
lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin
göstərilməsi üçün həmin sahibkarlıq subyektləri qeyd olunan əlaqə
vasitələri ilə ((012) 565-12-72, daxili (224), (229)) Agentliyə
müraciət edə bilərlər.

Teqlər: