Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri
Xocalı faciəsi ilə bağlı dünya dini liderlərinə, beynəlxalq
təşkilatlara, parlamentlərə və dünya ictimaiyyətinə müraciət
edib.

AzerTimes-ın məlumatına görə, müraciətdə deyilir: “Biz, Azərbaycanda
fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri XX əsrin qanlı
faciələrindən biri olan, insanlıq əleyhinə ən ağır hərbi cinayətlər
sırasında yer alan Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində
dünya ictimaiyyətinə müraciət edirik.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
zamanı Ermənistan hərbiçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə
qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan
bir neçə gün əvvəl – 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı
birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində
yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz
cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək,
fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı
motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırımı
törətmişlər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar
nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan
edilmiş, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər
azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə
yetirilmişdir. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilmiş,
25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini
itirmişdir. Azğınlaşmış hərbiçilər insanların başlarının dərisini
soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini
çıxarmış, hamilə qadınların qarınlarını yarmış, insanları diri-diri
torpağa basdırmış və ya yandırmış, meyitlərin bir qismini
minalamışlar. Şaxtalı hava şəraitində əli-ayağı yalın qaçıb xilas
olmaq istəyən mülki əhaliyə belə aman verilməmiş, onlar təqib
edilərək yollarda, meşələrdə Ermənistan hərbi qulluqçuları
tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişlər. Bu bəşəri
cinayət nəticəsində 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər
girov götürülərək dəhşətli işgəncələrə məruz qalmış, meyitlər
üzərində qeyri-insani təhqir və həqarətlərə yol verilmişdir. Girov
götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın
taleyi bu günədək məlum deyil.
Dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırırıq ki,
Ermənistanın əsassız ərazi iddiaları və təcavüzkar siyasəti
nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə
tanınmış ərazilərininin 20%-i 30 ilə yaxın işğal altında
saxlanılmış, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti,
fiziki və mənəvi terror həyata keçirilmiş, bir milyondan artıq
insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz
ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə
çevrilmiş, onların insan hüquqları kobud şəkildə pozulmuş, yüzlərlə
şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi
dağıdılaraq talan edilmişdir.

2020-ci ilin yay aylarından etibarən Ermənistan Azərbaycana
qarşı növbəti hərbi təxribata başlayaraq “yeni torpaqlar naminə
yeni müharibə” şüarı ilə Azərbaycanın müxtəlif bölgələrinə, dinc
əhali və mülki infrastruktura qarşı ağır artilleriyadan istifadə
etməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Öz hərbi
cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar
erməni rejimi Ermənistan-Azərbaycan sərhədində və hərbi
əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi, o
cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri
şəhərləri ağır artilleriya, qadağan edilmiş ballistik raketlər,
fosforlu və kasetli bombalarla atəşə tutdu. Ermənistanın növbəti
hərbi təxribatlarına cavab olaraq başlayan müqəddəs Vətən
Müharibəsində Azərbaycan beynəlxalq hüquq normalarına, BMT
Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin
tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan
qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində
öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki,
Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə
yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və
tarixi irsinə qarşı mənəvi təcavüz və genosid həyata keçirmişdir.
Həmin ərazilərdə yerləşən müsəlman və digər dini məbədlər, o
cümlədən, rus pravoslav kilsələri, mədəni-tarixi abidələr,
qəbristanlıqlar uzun illər ərzində erməni vandalizminə, qədim Alban
xristian kilsələri isə erməniləşdirmə cəhdlərinə məruz qalmışdır.
Bölgədə mövcud olmuş 67 məsciddən 65-ni tamamilə dağıdan,
məscidləri tövləyə çevirən, hətta orada İslamda haram buyurulan
heyvanları saxlayaraq həqarətlər edən Ermənistan bütün İslam
aləminin heysiyyətini təhqir etməkdən belə çəkinməmişlər. Vaxtilə
Azərbaycanın inkişaf etmiş Ağdam, Füzuli, Cəbrayıl və s. kimi böyük
və abad şəhərlər, yüzlərlə qəsəbə və kəndlər Ermənistan tərəfindən
xarabazarlığa çevrilərək yer üzündən silinmiş, mövcud infrastruktur
tamamilə məhv edilmişdir. Hazırda buraya müşahidəçi missiyası ilə
gələn xarici qonaqlar bu yerləri “Qafqazın Xirosiması”, “ruhlar
şəhəri” adlandırırlar. İşğal olunmuş ərazilərdə misli görünməyən
“yandırılmış torpaq” siyasəti tətbiq olunmuşdur.

Muharibənin bitməsinə və təcavüzə son qoyulmasına baxmayaraq,
bugünədək azad edilmiş torpaqlarda hələ də günahsız insanlar şəhid
olur, çünki həm 30 illik işğal dönəmində, həm də Azərbaycan
torpaqlarını tərk edərkən Ermənistan bura yüz minlərlə mina
yerləşdirmişdir. Ermənistan beynəlxalq hüquqa və humanitar
prinsiplərə açıq-aşkar etinasızlıq göstərərək mina xəritələrini
verməkdən yayınır və ya həqiqətə uyğun olmayan saxta xəritələr
təqdim edir. Müharibədən sonra erməni dini liderləri revanşist
bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə
deyil, yeni müharibəyə çağırırlar. Ermənistan siyasi və dini
dairələri beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək
işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian
abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli
dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi
vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri
pərdələməyə çalışırlar.

Biz, dini konfessiya rəhbərləri bildiririk ki, fəaliyyət
göstərdiyimiz Azərbaycanda din-dövlət münasibətləri yüksək
səviyyədə tənzimlənir və bütün dinlər dövlət tərifindən bərabər
hüquqlarla təmin olunur. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamları və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın bilavasitə iştirakı və himayəsi ilə
Qarabağın dirçəlişinə və yenidən qurulmasına start verilmiş, o
cümlədən Ermənistan tərəfindən məhv və talan edilmiş zəngin
mədəni-tarixi irsin, eyni zamanda müsəlman və xristian məbədlərinin
bərpasına və qorunmasına başlanılmışdır.
Biz beynəlxalq və dini təşkilatları, din xadimlərini işğaldan azad
olunmuş ərazilərdə real vəziyyətlə, o cümlədən ölkədə mövcud olan
nümunəvi tolerantlıq və multikulturalizm mühiti ilə yerində tanış
olmaq məqsədilə Azərbaycana dəvət edirik. Ümidvarıq ki, müvafiq
beynəlxalq təşkilatlar və ixtisaslaşdırılmış qurumlar işğaldan azad
olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrinə
qarşı Ermənistanın törətdiyi vandalizm aktlarını öz gözləri ilə
görərək bu qeyri-insani əməllərə düzgün qiymət verəcək və obyektiv
gerçəkliyi beynəlxalq ictimaiyyətə təqdim edəcəklər.

Təəssüflə qeyd edirik ki, dünyada baş verən kütləvi zorakılıq
hallarının, ekstremizmin və terror cinayətlərinin vaxtında
hüquqi-siyasi qiymət almamasının arxasında bəzi siyasət və din
xadimlərinin, dövlətlərin, təşkilatların həmin problemlərə
münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi
təhlükəli meyllər dayanır. Ermənistanın Azərbaycana qarşı təcavüzü
və onun nəticələrini, işğal edilmiş ərazilərdə Ermənistan
tərəfindən törədilmiş vandalizm haqqında həqiqətləri bütün miqyası
və dəhşətləri ilə dünya ictimaiyyətinə çatdırmaq, xüsusilə də
Xocalı qətliamının soyqırımı kimi tanınmasına nail olmaq şəhidlərin
ruhu qarşısında insanlıq borcumuzdur. Bu məramla bir daha müraciət
edərək, dünya dini liderlərini, parlamentləri, BMT və digər
beynəlxalq təşkilatları Holokost, Xatın, Srebrenitsa və s. bəşəri
cinayətlər kimi Xocalı soyqırımına da ədalətli və obyektiv
hüquqi-siyasi qiymət verilməsinə dəstək olmağa çağırırıq.

Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi
aqresiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik
dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və
xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın
bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edir. Biz bir daha
dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və
dünya ictimaiyyətini bu uca məqsədlər naminə səfərbər olmağa,
xüsusilə də Erməni Apostol Kilsəsini bəşəri dəyərləri, sülh və
barışıq ideallarını təbliğ etməyə dəvət edirik.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda
yardımçı olsun! AMİN!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının katibi arximandrit Aleksiy, Dağ Yəhudiləri İcmasının
rəhbəri Milix Yevdayev, Azərbaycandakı Alban-udi Xristian Dini
İcmasının sədri Robert Mobili, Azərbaycandakı Avropa Yəhudiləri
İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

Teqlər: