Azərbaycanda qeyri-neft üzrə ixrac artıb

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı
11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ
dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə
müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.

Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac icmalı”nda bildirilib.

Məlumata görə, 2022-ci ilin yanvar-aprel ayları ərzində
meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6%
artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində
kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan
hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan
hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%,
pambıq lifi ixracı isə 6,8% artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft
sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon ABŞ
dolları) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon ABŞ
dolları) ikinci, tomat (pomidor) (58,2 milyon ABŞ dolları) isə
üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 333,7 milyon
ABŞ dolları, Rusiya Federasiyasına 191,7 milyon ABŞ dolları,
Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 51
milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində
qeyri-neft sektoruna aid mal ixrac olunub.

Teqlər: