Azərbaycanda qanunsuz orqan köçürməsinə görə cəzalar müəyyən
edilir.
AzerTimes-ın
məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər
təklif edilir.
Dəyişikliklərə əsasən, qanunla qadağan olunan şəxslərdən
transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan
15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən
vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum
edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrumetmə
ilə cəzalandırılacaq.
Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir
qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən
törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə
etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən
asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə
müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşöulolma hüququndan
məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməl
ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə
müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma
hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin mayın 19-da keçiriləcək iclasında müzakirə
ediləcək.