Azərbaycanda neft hasilatı azaldıqca qazın rolu artacaq – Beynəlxalq Enerji Agentliyi

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycanda neft hasilatı azaldıqca təbii qazın rolu artacaq.

AzerTimes bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 19-cu əsrin ortalarında başlamış neft hasilatı 2009-2010-cu illərdə pik həddə çatıb:

“Bu dövrdə neft hasilatı 1 milyon barel/sutkaya çatmışdı, ondan sonra hasilat azalmağa başlayıb. 2019-cu ildə ölkədə neft hasilatı 779 min barel/sutkayadək azalıb. 2020-ci ildə OPEC+ sazişi çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 580 min barelə azaltmağa razılıq verib. Bu il OPEC+ hasilatın azaldılması ilə bağlı kvotaların məhdudlaşdırıldığını elan edib və bu, Azərbaycana 2021-ci ilin iyulunda hasilatı 620 min barelə çatdırmağa imkan verəcək”.

Agentlik bildirir ki, neftdən fərqli olaraq Azərbaycanda təbii qaz hasilatı artmaqda davam edir:

“Qazın böyük hissəsi “Şahdəniz” yatağından əldə olunur. Bu yatağın işlənməsinin birinci mərhələsində hasilat 2000-ci illərin ortalarında başlayıb və Azərbaycana qaz idxalçısından ixracatçıya çevrilməyə imkan verib. “Şahdəniz 2” yatağında hasilat 2018-ci ildə başlayıb, 2022-ci ildə hasilat tam gücünə, ildə 16 milyard kubmetr səviyyəsinə çatacaq. Bunun sayəsində Azərbaycanda qaz hasilatı 2019-cu ildə 24 milyard kubmetrdən 2022-2023-cü illərdə 28 milyard kubmetrə çata bilər. “Şahdəniz 2” “Cənub Qaz Dəhlizi” üçün qaz mənbəyidir. Azərbaycan vacib və etibarlı qaz ixracatçısına çevrilib. “Cənub Qaz Dəhlizi” Avropaya qaz mənbələrini şaxələndirməyə və tədarük təhlükəsizliyini artırmağa kömək edib. Bu, çox vacibdir, çünki Avropada daxili istehsal azalmaqda da davam edir. Eyni zamanda BEA Avropada tələbin 2025-ci ilədək 45 milyard kubmetrədək artacağını proqnozlaşdırır”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: