Azərbaycan Ermənistan vətəndaşlarına humanizm nümayiş etdirib – Naqif Həmzəyev

Ermənistanda heç vaxt sosial vəziyyət yaxşı olmayıb. Ermənistan vətəndaşlarının hüquqlarını heç zaman qorumayıb, onlardan alət kimi istifadə edib. Həmçinin vətəndaşlarına Azərbaycana qarşı düşmənçiliyi davam etdirməyə məcbur edib. Lakin Azərbaycan faktiki olaraq Ermənistan vətəndaşlarına da humanizm nümayiş etdirərək qanun qarşısında həqiqətlərin aşkarlanması üçün onlara şərait yaradıb.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycanda saxlanılan erməni diversantlarının iyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmələri barədə danışarkən deyib.

Deputat bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilən erməni əsilli diversantların məhkəməsi bir daha deməyə əsas verir ki, Ermənistanın hərbi siyasi rəhbərliyi hərbi cinayətlər törədib və ölkəmizə qarşı törədilən təxribatlarda əsas məsuliyyəti daşıyır: “Verilən ifadələr nəticəsində bir daha sübut olundu ki, erməni hərbi siyasi rəhbərliyi öz vətəndaşlarına qarşı güc tətbiq edib, onları hərbi xidmətə getmədikləri təqdirdə müxtəlif cəzalar veriləcəyi ilə təhdid edib. Beləliklə, həmin şəxslər məcburiyyət qarşısında qalaraq Azərbaycan ordusuna qarşı döyüşüblər. Əslində, bu cinayətlərdə iştirak etmək istəməyiblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin cinayət işində Ermənistanın polkovnik-leytenantı Arsen Qazaryan və digər vəzifəli şəxslər barəsində beynəlxalq axtarışa verilməsi qərarına gəlinib və bu şəxslərin qanun qarşısında məsuliyyət daşımalarının təmin edilməsi ilə bağlı işlərə başlanılıb. Belə qənaətə gəlmək olur ki, Ermənistanda heç vaxt sosial vəziyyət yaxşı olmayıb. Ermənistan vətəndaşlarının hüquqlarını heç zaman qorumayıb, onlardan alət kimi istifadə edib. Həmçinin vətəndaşlarına Azərbaycana qarşı düşmənçiliyi davam etdirməyə məcbur edib. Lakin Azərbaycan faktiki olaraq Ermənistan vətəndaşlarına da humanizm nümayiş etdirərək qanun qarşısında həqiqətlərin aşkarlanması üçün onlara şərait yaradıb. Aparılan bu məhkəmə prosesi, fikrimcə, Ermənistanı həyata keçirdiyi yanlış siyasətdən əl çəkməyə sövq edəcək. Ermənistan xalqı məhz bu cinayəti törətmiş şəxslər barəsində haqq ədalətin təmin edilməsində maraqlı olacaq. Azərbaycan tərəfindən bu şəxslərə qarşı göstərilmiş humanizm ermənilərin haqq yoluna gələrək regionda sülhün dəstəkləməsinə şərait yaradacaq”.

Teqlər: