Azərbaycanda mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirildi (FOTO/VİDEO)

Xəzər rayonunda narkotiklərin satışı, yaşadığı evdə qanunsuz
olaraq odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb
etmə və çoxsaylı oğurluq cinayətləri edən mütəşəkkil dəstənin
üzvləri saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, paytaxtın
Xəzər rayonu Binə qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul
olan, yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan,
həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri
törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri
saxlanılıblar.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış və 3-cü Polis
Şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat
nəticəsində Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə yaşayan
əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Anar İsmayılov və
onun başçlıq etdiyi dəstənin üzvləri tutularaq istintaqa təqdim
ediliblər. Dəstə başçısı Anar İsmayılovun Binə qəsəbəsində yaşadığı
evə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq
heroin, 1 ədəd “F-1 əl qumbarası”, 1 ədəd “Lankaster” markalı
tüfəng, 1 ədəd “Makarov” konstruksiyalı tapança və 25 ədəd patron
aşkar edilib. Onunla birlikdə saxlanılaraq 3-cü Polis Şöbəsinə
gətirilən dəstə üzvləri Ehtibar Quliyev, Ceyhun Əhədzadə, Elvin
Hacıyev, Həmid İsmayılov və Sənan Tahirovun üzərindən də müxtəlif
növ narkotik maddə aşkar edilib.

Araşdırma zamanı dəstə üzvlərinin paytaxtın Xəzər, Suraxanı və
digər rayonlarında çoxlu sayda oğurluq cinayətləri törətdikləri
məlum olub. Həmçinin onların Anar İsmayılovun tapşırığı ilə
ticarətlə məşğul olan müxtəlif şəxslərə hədə-qorxu gələrək
zərərçəkənlərdən qanunsuz olaraq pul tələb etdikləri müəyyən
edilib.

Saxlanılan şəxslər barəsində 3-cü Polis Şöbəsində toplanan
materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Anar İsmayılov və dəstənin digər üzvləri barəsində
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Cinayət İşi
başlanılıb.Onların hər bir barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib. Saxlanılanların digər cinayət
əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri
davam etdirilir.

Dəstə üzvlərinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa
ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin
sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Teqlər: