Azərbaycanda karantin rejimi yumşaldıldı

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qərar qəbul edilib.

Operativ Qərargadan AzerTimes-a verilən məlumata görə, qərara
əsasən, 2022-ci il martın 6-dan etibarən:

aşağıdakılara icazə verilir:

  • dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup
    və fərdi qaydada qəbuluna;
  • dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında,
    çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə
    və keçirilməsinə;
  • bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin
    keçirilməsinə;
  • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından
    istifadəyə;
  • masaj xidmətlərinin göstərilməsinə;
  • sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının
    terminalına girişinə.

aşağıdakı məhdudiyyətlər ləğv edilir:


  • mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və
    konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin
    uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar
    da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq
    və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı
    vaxt və say məhdudiyyəti;
  • dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət
    üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti;
  • şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.)
    keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti;
  • ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri
    və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti,
    həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı
    məhdudiyyət;
  • pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu
    zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;
  • 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor
    xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti.

Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) yalnız
etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən
aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.

Qeyd etmək lazımdır ki, məhdudiyyətlərin ləğv olunması şamil
olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən
edilmiş digər tələblər (girişlərdə COVİD-19 pasportlarının təqdim
olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə
saxlanılır.

Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə
müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya
əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin
pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq məsuliyyətə cəlb ediləcəklər.

Teqlər: