Azərbaycanda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi publik hüquqi şəxs yaradılır

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi
haqqında Fərman imzalayıb.

AzerTimes xəbər verir ki,
Fərmanla beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif
sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma
fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qərara
alınır:

– “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”
publik hüquqi şəxs yaradılsın.

– “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin
Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

– Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan
Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin (bundan
sonra – Mərkəz) tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu”
publik hüquqi şəxsə (bundan sonra – İnstitut) çevrilməklə yenidən
təşkil edilsin.

– Müəyyən edilsin ki:

Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi,
dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının
tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf
etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının
keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi,
habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan
Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair
təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli
əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət
göstərən publik hüquqi şəxsdir;

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata
keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə
Şurası yaradılır;

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə
Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor
həyata keçirir;

Mərkəzin Nizamnamə Fondu 100,0 (yüz) min manatdır və dövlət
büdcəsinin vəsaiti hesabına formalaşır;

Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və
qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər
Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları
İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri
İnstituta keçir;

Mərkəzin tabeliyindəki İnstitutun təsisçisinin “Publik hüquqi
şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci
maddəsində nəzərdə tutulmuş səlahiyyətlərini Mərkəz həyata
keçirir.

– Mərkəzin təsisçisinin səlahiyyətləri aşağıdakılara həvalə
edilsin:

Azərbaycan Respublikasının Prezidentinə:

nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının
müəyyən edilməsi, onların dəyişdirilməsi;

idarəetmə orqanlarının yaradılması;

Müşahidə Şurasının sədrinin və 3 (üç) üzvünün vəzifəyə təyin və
vəzifədən azad edilməsi;

Mərkəzin ləğvi və yenidən təşkili;

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası
Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul
edilməsi;

Mərkəzə:

Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say
həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına
əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla
təsdiqi;

bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulanlar istisna olmaqla,
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun
8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin
səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Mərkəzin yaradılması ilə əlaqədar normativ hüquqi aktların bu
Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;

Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan
Hüquq və İnsan Haqları İnstitutunun balansındakı dövlət əmlakının
Mərkəzin tabeliyindəki İnstitutun balansına verilməsini təmin
etsin;

bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Milli
Elmlər Akademiyasının strukturunda və işçilərinin say həddində
dəyişiklik edilməsini təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;

Mərkəzin inzibati bina ilə, nəqliyyat vasitələri ilə təmin
edilməsi və maddi-texniki təminat məsələlərinin həlli üçün zəruri
tədbirlər görsün;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

– Mərkəz:

Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə
mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə müraciət etsin;

Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra Mərkəzin işçilərinin
say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə
maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay
müddətində təsdiq etsin;

bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri
tədbirlər görsün.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin
etsin;

Mərkəzin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti
hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

– Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus
olan hüquqi şəxslər Mərkəzin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci
yarımbəndlərinə uyğun olaraq, hüquq sahəsində fəaliyyət göstərən
əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının
tətbiqi sahəsində təlimlərə cəlb edilməsi üçün zəruri tədbirlər
görsünlər.

– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə tövsiyə
edilsin ki, Mərkəzin Müşahidə Şurasında təmsil olunacaq
nümayəndəsini müəyyən etsin.

***

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzinin Nizamnaməsi

1. Ümumi müddəalar

1.1. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi
(bundan sonra — Mərkəz) normayaratma fəaliyyətinin keyfiyyətinin
yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq
normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin
inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın
aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi,
habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan
Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair
təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli
əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət
göstərən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının
digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası
Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını
həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli
özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət
təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə
məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail
olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank
hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları
və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından
əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək
hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya
cavabdeh qismində çıxış edir.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin fəaliyyətinin istiqamətləri

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və
məqsədli dövlət proqramlarının layihələrinin hazırlanması və hüquqi
ekspertizasının aparılmasında iştirak etmək;

2.1.2. hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların
aşkar edilməsi və aradan qaldırılması üçün qanunvericiliyin
inkişafında və təkmilləşdirilməsində iştirak etmək;

2.1.3. normayaratma fəaliyyətinin effektivliyinin artırılması
məqsədilə mövcud normativ hüquqi bazanın monitorinqinin
aparılmasında iştirak etmək;

2.1.4. normativ hüquqi tənzimləmənin təsirinin
qiymətləndirilməsinin aparılmasında iştirak etmək;

2.1.5. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və ya
dövlət orqanlarının (qurumlarının) sifarişi əsasında hüquqi
islahatlar aparılmasına dair təkliflər vermək;

2.1.6. hüquqi maarifləndirmə sahəsində tədbirlər görmək;

2.1.7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə
fəaliyyət göstərmək.

3. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və
məqsədli dövlət proqramlarının layihələrinin hazırlanması və hüquqi
ekspertizasının aparılmasında iştirak etmək, bu sahədə dövlət
orqanlarına (qurumlarına) müqavilə əsasında xidmətlər
göstərmək;

3.1.2. hüquqi aktların hazırlanmasında dövlət orqanlarına
(qurumlarına) müqavilə əsasında məsləhət xidmətləri göstərmək;

3.1.3. hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan
hüquqi aktların qanunvericiliyin təsirinin qiymətləndirilməsinin
aparılmasında iştirak etmək;

3.1.4. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və ya
dövlət orqanlarının (qurumlarının) sifarişi əsasında hüquqi
islahatlar aparılmasına dair təkliflər hazırlamaq və aidiyyəti üzrə
təqdim etmək;

3.1.5. hüququn müxtəlif sahələri üzrə qabaqcıl beynəlxalq
təcrübəni ətraflı araşdırmaq və nəticəsi nəzərə alınmaqla, mövcud
normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər
vermək;

3.1.6. Azərbaycan Respublikasının və xarici dövlətlərin
qanunvericiliyinin müqayisəli hüquqi tədqiqatını aparmaq və
nəticəsi nəzərə alınmaqla, hüququn ayrı-ayrı sahələri üzrə inkişaf
konsepsiyaları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

3.1.7. məcəllələrin və digər normativ hüquqi aktların
elmi-praktiki kommentariyasının hazırlanmasını təşkil etmək;

3.1.8. məhkəmə-hüquq islahatları sahəsində dövlət siyasətinin
formalaşdırılmasına və həyata keçirilməsinə dair təkliflər
vermək;

3.1.9. normativ xarakterli aktlar və mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələbləri
gözlənilməklə qəbul edilməsinə nəzarətin həyata keçirilməsində
iştirak etmək;

3.1.10. dövlət orqanlarının (qurumlarının) sifarişi əsasında
həmin dövlət orqanlarının (qurumlarının) hüquq sahəsində fəaliyyət
göstərən əməkdaşlarının hüquqi biliklərinin və təcrübələrinin
artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının
tətbiqi sahəsində təlimlər keçirmək;

3.1.11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini
təhlil etmək və nəticəsindən asılı olaraq təkliflər vermək, habelə
aidiyyəti dövlət orqanlarının (qurumlarının) əməkdaşları üçün bu
sahədə müqavilə əsasında təlimlər keçirmək;

3.1.12. hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən
hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin
məlumatlandırılmasında iştirak etmək;

3.1.13. hüquqi aktların Azərbaycan dilindən xarici dillərə və
xarici dillərdən Azərbaycan dilinə tərcümə edilməsi üzrə xidmətlər
göstərmək;

3.1.14. elmi müəssisələr və ali təhsil müəssisələri ilə əlaqələr
yaratmaq;

3.1.15. hüquqi aktlardan, elmi-hüquqi materiallardan ibarət olan
çoxfunksiyalı axtarış imkanını nəzərdə tutan elektron informasiya
sistemini yaratmaq və həmin sistemdəki məlumatların müntəzəm olaraq
yenilənməsini təmin etmək və bu məlumatları müqavilə əsasında
dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına,
hüquqi və fiziki şəxslərə təqdim etmək;

3.1.16. hüquq sahəsində peşəkar mütəxəssislər hazırlanması və
tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların
həyata keçirilməsində iştirak etmək;

3.1.17. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin
qorunması üçün tədbirlər görmək;

3.1.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və siyahısı
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini
təmin etmək;

3.1.19. müvafiq sahədə dövlət orqanlarının (qurumlarının), yerli
özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin
fəaliyyətini əlaqələndirmək;

3.1.20. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında”
və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada
tədbirlər görmək;

3.1.21. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ
hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Mərkəz
əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün
tədbirlər görmək;

3.1.22. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və
digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin etmək;

3.1.23. Mərkəzin informasiya təminatını təşkil etmək və onun
təhlükəsizliyini təmin etmək;

3.1.24. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq
sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.25. Mərkəzin strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.26. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə
yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı
hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul
olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi,
qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti
üzrə təkliflər vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan
Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması
məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti
dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici
dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. “İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, hüquqi islahatlar
aparılmasına dair təkliflərlə bağlı ictimai müzakirələr və ictimai
dinləmələr təşkil etmək, həmin təkliflərə dair ictimai rəyi
öyrənmək və müvafiq hüquqi aktların layihələrinə dair ictimai
müzakirələr təşkil etmək və keçirmək;

3.2.5. hüququn müxtəlif sahələri üzrə tədqiqatlar, sorğular
aparmaq və nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim
etmək;

3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı
araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.7. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə
orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri)
almaq;

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək,
təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;

3.2.9. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə
cəlb etmək;

3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı
konfranslar, müşavirələr və digər tədbirlər təşkil etmək;

3.2.11. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara
təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.12. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Azərbaycan
Respublikası Prezidentinin razılığı ilə təsərrüfat cəmiyyətləri
yaratmaq və ya onlarda iştirak etmək;

3.2.13. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.14. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ
idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı
direktordur.

4.3. Mərkəzin Müşahidə Şurası (bundan sonra – Şura) Mərkəzə
ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir.
Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin
vəzifəyə təyin və vəzifədən azad etdiyi Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti
şöbəsinin müdiri (sədr olmaqla), Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Ədliyyə Akademiyasının rektoru, Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik
şöbəsinin müdiri və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının rəhbəri daxildir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün
Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq
sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə
dair illik hesabatı) təqdim etmək;

4.7.2. Mərkəzin inkişaf istiqamətlərini, strateji məqsədlərini
və planlarını müəyyən etmək;

4.7.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;

4.7.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla
Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say
həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına
əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq
etmək, o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən
və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla)
hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini
müəyyənləşdirmək;

4.7.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə
Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda
iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq
etmək;

4.7.7. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə,
filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat
cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun
fəaliyyətini yoxlamaq;

4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə
baxmaq və qərar qəbul etmək;

4.7.10. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. Mərkəzin kənar auditorunu təyin etmək və audit
hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər
yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.13. Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq
məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə
dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.14. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata
keçirmək.

4.8. Şuranın sədri ildə azı bir dəfə Şuranın iclasını çağırır və
iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü
ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın
iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə
səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi
olmaqla sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin
bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa
sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə, İcraçı direktora, habelə Şuranın
iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt,
habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç)
iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat
verilir.

4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə
bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına
toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları
haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və
həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti
sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün
iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar
qəbul edilə bilməz.

4.13. Şura iclasının nəticəsi Şuranın üzvlərinin və katibinin
imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın
katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu
əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı
direktora göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar
sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın
sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulan vəzifəni
icra edir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və
imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq
və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə
göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik
edir, habelə özünün və Mərkəzin İcraçı direktorunun qanunvericiliyə
zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir,
iclasları çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün
və ya İcraçı direktorun müraciəti əsasında digər şəxsləri Şuranın
iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər
görür.

4.17. Şuranın üzvləri:

4.17.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində
iştirak edirlər;

4.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə
tutulan materiallarla əvvəlcədən tanış olurlar;

4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir
bildirirlər;

4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın
iclaslarında baxmaq barədə təklif verirlər;

4.17.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər
sənədlərlə tanış olurlar.

4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş
digər tələbləri yerinə yetirməlidirlər.

4.19. İcraçı direktor Mərkəzin fəaliyyətinə cari rəhbərliyi
həyata keçirir. İcraçı direktor Mərkəzin Müşahidə Şurası tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun
təqdimatı əsasında Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən bir müavini vardır.

4.20. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini
müvafiq əmrlə onun müavini icra edir.

4.21. İcraçı direktor və onun müavini adlarına xələl gətirə
biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.22. İcraçı direktorun vəzifələri aşağıdakılardır:

4.22.1. Mərkəzin fəaliyyətini təşkil etmək;

4.22.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə
yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim
etmək;

4.22.3. Şuranın qərarlarını icra etmək;

4.22.4. Şura ilə razılaşdırmaqla aidiyyəti şəxslə dəyəri
Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul etmək;

4.22.5. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə
büdcəsinin icrasına nəzarət etmək;

4.22.6. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində nəzərdə tutulan
vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin
etmək;

4.22.7. cari və operativ məsələlər barədə Şuranı
məlumatlandırmaq;

4.22.8. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.22.9. Mərkəzin cari fəaliyyətinə rəhbərlik və onu təmsil
etmək;

4.22.10. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası
məcburi olan daxili sərəncam və əmrlər vermək;

4.22.11. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş
aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata
keçirmək;

4.22.12. özünün və Mərkəzin struktur bölmələrinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.22.13. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və
işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur
bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını
təsdiq etmək;

4.22.14. Mərkəz işçilərinin vəzifə maaşlarının, vəzifə
maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin
verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;

4.22.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla,
Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin,
habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat
cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən
azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul
etmək;

4.22.16. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş
məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;

4.22.17. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində Mərkəzin adından əməliyyatlar aparmaq, müqavilələr
bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;

4.22.18. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi
komitələr və işçi qruplar yaratmaq;

4.22.19. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin
və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların
mühafizəsi üçün zəruri tədbirlər görmək;

4.22.20. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin
etmək;

4.22.21. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin etmək;

4.22.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər
məsələlər barədə qərar vermək.

5. Mərkəzin nizamnamə fondu, əmlakı və
mənfəəti

5.1. Mərkəzin nizamnamə fondu 100,0 (yüz) min manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi
əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən,
fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb
edilən investisiyalardan və qanunla qadağan edilməyən digər
vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən
olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət
əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub
saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun
tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata
keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi
ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Mərkəzin, onun
idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait
üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan
məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı
ilə dövlət büdcəsinə köçürülür.

5.6. Mərkəzin məhsulları tənzimlənən qiymətlərə aid
deyildir.

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə
dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının
Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada
Mərkəzin idarəetmə orqanları həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilir.

7. Mərkəzdə uçot və hesabat

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını
tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib
və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların
maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün
kənar auditor cəlb edir.

8. Mərkəzin ləğvi və yenidən təşkili

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir.

Teqlər: