Azərbaycanda Hərbi polisin yaranmasının 30-cu ildönümü qeyd edilir (VİDEO)

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi polisinin
yaranmasının 30-cu ildönümü qeyd olunur.

Trend
Nazirliyin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, fəaliyyətə
başladığı gündən çətin və şərəfli yol keçən bu qurum 1992-ci ildə
müdafiə nazirinin əmri ilə yaradılıb. Yaradılmasında əsas məqsəd
dövlətin və xalqın mənafeyinin müdafiəsində, Azərbaycan
Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında
iştirak etməkdən ibarət olan hərbi polis qarşıya qoyulan
tapşırıqları istənilən şəraitdə yerinə yetirməyə qadirdir.

Ruh yüksəkliyi sarsılmaz olan hərbi polisin şəxsi heyəti həmişə
mənəvi-psixoloji hazırlıq baxımından əzmkarlıq nümayiş etdirib.

Hərbi polis naryadları ölkənin paytaxt və digər şəhərlərində,
həmçinin hərbi qarnizonların yerləşdiyi yaşayış məntəqələrində
stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır. Bu postlar
hərbi nəqliyyatın təqdim edilən sənədlərə müvafiq marşrutlar üzrə
hərəkət etməsini nəzarət altında saxlayır, zərurət yarandıqda
marşrutların tənzimlənməsini, hərbi kolonların təhlükəsizliyinin
təmin edilməsini həyata keçirir. Eyni zamanda, naryadda olan hərbi
polis postları buraxılış rejiminə, şəxsi heyət arasında
nizam-intizama, hərbi formanın nizamnamələrə uyğun daşınmasına,
həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular
tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti
təmin edir.

Hərbi polis nəzarət-buraxılış məntəqələrində patrul xidmətini
həyata keçirməklə yanaşı, mühüm hərbi obyektlərin, hərəkətdə olan
hərbi kolonların müşahidə və mühafizəsini də həyata keçirir.

Hərbi polisin tabeliyində faəliyyət göstərən Azərbaycan
Ordusunun Kinologiya Mərkəzində yetişdirilən cins itlər təyinatı
üzrə qoşun növlərinin sərəncamına verilir. Mütəxəssislər tərəfindən
xüsusi təlim görən itlər minaaxtarma işində, qarovul xidmətinin
yerinə yetirilməsində, eləcə də başqa xidməti məqsədlərdə istifadə
olunur.

Hərbi polisin şəxsi heyəti Vətən müharibəsi zamanı
torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə də
fəal iştirak edib və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə
yetirib.

Hazırda hərbi polis bölmələri işğaldan azad edilmiş yaşayış
məntəqələrimizdə xidmət aparır, qoşunların dislokasiya yerlərində
təhlükəsizliyin və nizam-intizamın təmin edilməsində iştirak edir.
Hərbi polisin stasionar və səyyar postlarında xidmət aparan
naryadlar əraziyə daxil olan texnikanın, şəxsi heyətin
yoxlanılmasını və qeydiyyatını aparır, hərbi nəqliyyat
vasitələrinin hərəkətini istiqamətləndirir, həmçinin Azərbaycan
Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonların
təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə onları müşayiət
edir.

Teqlər: