Azərbaycanda elektromobillərin idxalı gömrük rüsumlarından tam azad edilə bilər

Dövlət Gömrük Komitəsi (DGK) ekoloji təmiz avtomobillərin
idxalının gömrük yığımları və rüsumlardan tam azad edilməsi üçün
müvafiq sənədləri hökumətə təqdim edib.

Trend-in məlumatına görə, bunu DGK-nin
nümayəndəsi Tariyel Alverdiyev “Azərbaycanda ekoloji təmiz
avtomobillərin istismarı və təmiz ətraf mühit” adlı mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildən Azərbaycana elektromobillərin
idxalı əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, daxili
bazarda da elektromobil satışları ƏDV-dən azad edilib.

“Azərbaycanda üç min kub santimetrdən çox mühərrik həcmi olan
avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına
gömrük rüsumları artırılıb. İlin əvvəlindən Azərbaycana bu
avtomobillər gətirilməyib”, – T.Alverdiyev deyib.

Eyni zamanda o əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycana
ötən ilin eyni dövrü ilə müqayisədə 1 300 ədəd çox hibrid avtomobil
idxal edilib.

(Tərcümə: Orxan Nəbiyev)