Azərbaycanda dini qurumlar yeni qaydalarla qeydiyyatdan keçəcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması
qaydasına dəyişiklik edilir.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı
haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dini qurumlar (dini icmalar bu maddənin
üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla)
dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu,
nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.

Digər bir dəyişikliklə isə dini icmaların təqdim etdiyi ərizəyə
onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya
onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış
yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin
siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini
təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun
fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və
təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə
qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Qanunun hazırkı varinatı isə belədir ki, dini icmanın dövlət
qeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlik
yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın
təsis protokolu və nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzə
və ya idarəyə müraciət edir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci
oxunuşda qəbul edilib.

Teqlər: