Azərbaycanda bu xəstəliklərdən əziyyət çəkənlər pensiya alacaq

Aprelin 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası
keçirilib. İclası açan Səhiyyə komitəsinin sədri Əhliman
Əmiraslanov bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.

AzerTimes-ın
məlumatına görə, komitə sədri qeyd edib ki, gündəliyin birinci
məsələsi – “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz
xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci
oxunuş) qanun layihəsidir.

Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial
qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik
sektorunun əməkdaşı Seymur Əşrəfli bildirib ki, qanun layihəsi
onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu
müəyyənləşdirir.

Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır
və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin
gücləndirilməsinə xidmət edir.

Layihə barədə fikirlərini bildirən Milli Məclis Aparatının
Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev diqqətə
çatdırıb ki, dəyişikliyə əsasən, “Onkoloji yardım haqqında” Qanunun
onkoloji xəstələrin sosial müdafiəsinə dair 9-cu maddəsi və
“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı
haqqında” Qanunun bu xəstəliyə tutulmuş şəxslərin sosial
müdafiəsinə dair 9-cu maddəsi yeni redaksiyada veriləcək.

İclasda deputatlardan Rəşad Mahmudovun və İlham Məmmədovun
fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda Milli
Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Teqlər: