Azərbaycanda bu ilin üçüncü rübündə helikopter zavodu işə salına bilər – Şahin Mustafayev

Azərbaycanda artıq 2022-ci ilin üçüncü rübündə Rusiya ilə birgə
inşa olunmuş helikopter zavodunun işə salınması mümkündür.

Trend-in
məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya
ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası
komissiyanın plenar iclasında deyib.

Bundan başqa, o bildirib ki, Rusiyadan Azərbaycana mineral gübrə
və taxıl tədarükünün artırılması planlaşdırılır.

Nazir müavini əlavə edib ki, “Aqroekspress” layihəsi hər iki
ölkənin qida təhlükəsizliyinə töhfə verə bilər.

Ş.Mustafayev bildirib ki, Azərbaycanla Rusiya arasında
qarşılıqlı fəaliyyət barədə bir sıra razılaşmalar əldə olunub və
ölkələr arasında qarşılıqlı fəaliyyət bir sıra istiqamətlər üzrə
strateji səviyyəyə çatıb

“Bizim ticarət, nəqliyyat, investisiyalar istiqaməti üzrə
işlərin həyata keçirildiyi 8 yol xəritəmiz var. Rusiya Azərbaycanın
üç ən böyük ticarət tərəfdaşından biridir. Azərbaycan Rusiya
iqtisadiyyatında 1,2 milyard dollardan, Rusiya Azərbaycan
iqtisadiyyatına 6 milyard dollardan çox investisiya qoyub. Biz
rusiyalı investorların özünü burada rahat hiss etməsi üçün bütün
şəraiti yaradırıq”, – Ş.Mustafayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)