Azərbaycan “yaşıl enerji” ilə bağlı hədəflərini problemsiz və fasiləsiz reallaşdıran azsaylı ölkələrdəndir – Nazir

Energetika naziri Pərviz Şahbazov “8-ci Berlin Enerji Keçidi
Dialoqu” konfransı çərçivəsində “Ədalətli və sosial enerji keçidinə
təkan verən amillər” mövzusunda keçirilən panel müzakirələrində
çıxış edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
ədalətli enerji keçidi, enerji təchizatı ilə bağlı misli görünməmiş
qeyri-müəyyənliklər şəraitində dekarbonizasiya ilə müqayisədə
aktuallaşan enerji təhlükəsizliyi, eləcə də Azərbaycanın enerji
müstəqilliyini təmin edən amillər və bərpa olunan enerji kursu ilə
bağlı fikirlərini bölüşüb. Azərbaycanın ədalətli enerji keçidi ilə
bağlı çağırışlarla həmrəy olduğu, enerji balansında bərpa olunan
enerjinin mövqeyinin möhkəmlənməsi ilə bağlı səyləri dəstəklədiyi,
eyni zamanda enerji resurslarının müxtəlifliyini gələcəkdə də
enerji bazarında sabitliyin təminatı kimi qəbul etdiyi diqqətə
çatdırılıb.

Energetika naziri deyib ki, enerji təhlükəsizliyi təmin
edilmədən iqtisadi inkişaf, sosial rifah və ekoloji təhlükəsizlik
mümkün deyil. Azərbaycan enerji sahəsində xarici təchizatçılardan
asılılığı və enerji təhlükəsizliyində heç bir problemi olmayan
ölkədir. Üstəlik həm neft-qaz, həm də elektrik enerjisi ixracatı bu
gün region ölkələri ilə yanaşı Avropa ölkələrinin də enerji
təhlükəsizliyinə töhfə verir: “Enerji müstəqilliyimiz, enerjiyə
ehtiyacın daxili imkanlar hesabına təmin edilməsi bizim gücümüzdür,
üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, enerji təhlükəsizliyindən
dekarbonizasiyaya doğru addımlayaq. Enerji balansımızda yaşıl
enerjinin payını daha da artıraq. Biz hazırda etibarlı tərəfdaş
rolumuzu davam etdirir, həm də bərpa olunan enerji mənbələrindən
geniş istifadə üzrə planlarımızı icra edirik. Deyə bilərik ki,
hazırki kataklizmlər dövründə Azərbaycan yaşıl enerji ilə bağlı
hədəflərini problemsiz və fasiləsiz reallaşdıran azsaylı
ölkələrdəndir.”

Azərbaycanın dayanıqlı enerji sektorunun inkişafı ilə bağlı
suala cavab olaraq nazir bildirib ki, ölkəmiz dayanıqlığa enerji
təchizatı mənbələrinin müxtəlifliyi, ixrac marşrutları və
bazarlarının diversifikasiyası ilə nail olub: “Bu gün qarşımızda
duran əsas məqsəd bu dayanıqlığı daha da möhkəmləndirməkdir. Bundan
ötrü qaz sektorunun inkişafı ilə yanaşı əsas diqqəti yaşıl
enerjinin inkişafına yönəltmişik. Elektrik enerjisinin qoyuluş
gücündə bərpa olunan enerji mənbələrinin payını 16.5%-dən 2030-cu
ilə qədər 30%-ə çatdırmağa çalışırıq.”

Müzakirələrdə TAP layihəsinin avropalı istehlakçıların enerji
ilə sabit təchizatında töhfələrinə də toxunulub.

Qeyd edək ki, panel müzakirələrində Yunanıstanın ətraf mühit və
energetika naziri Kostas Skrekas, Avstriyanın iqlim fəaliyyəti,
ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiya üzrə
federal naziri Leonore Gevessler, Fransanın ekoloji keçid
məsələləri üzrə naziri Barbara Pompili, Şri-Lankanın Energetika
Nazirliyinin katibi K.D.R. Olga və “Bakulu Power “şirkətinin baş
icraçı direktoru Lucia Bakulumpagi-Vamala iştirak edib.

Teqlər: