Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün azad Qarabağda, azad Şuşada dalğalanır – Vüqar Rəhimzadə

“2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında
Azərbaycan Respublikasının Qanunu”nun qəbul olunmasından sonra 28
may tarixini ilk dəfədir Müstəqillik Günü kimi qeyd edirik. 1918-ci
il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş
vermiş, müsəlman Şərqində ilk parlamentli respublika olan
Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycanın müstəqillik
tarixinin məhz 1918-ci ildən başlandığı nəzərə alınaraq 28 may
tarixinin Müstəqillik Günü kimi qeyd olunması bir zərurət kimi
özünü təsdiqlədi. Eyni zamanda, bu məqamı da xüsusi qeyd etməliyik
ki, 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin
yaratdığı reallıqlar bir çox tarixi hadisələrin qeyd olunduğu
günlərdə düzəlişlərə böyük ehtiyacın olduğunu şərtləndirdi. Bu
sırada 18 oktyabr tarixinin Müstəqilliyimizin Bərpası Günü, 28 may
tarixinin isə Müstəqillik Günü kimi qeyd olunması barədə qərarın
qəbulu zəruri addım hesab edilməlidir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü
ildönümünü qeyd edirik. 104 il keçilən yolun zənginliyi, Azərbaycan
xalqının yenilməzliyinin, məğrurluğunun təsdiqi baxımından olduqca
diqqətçəkən bir dövrdür. 1918-ci il mayın 28-də yeni qurulan
Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi
vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə
yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı
təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni
və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət
quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin
ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə
yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə
və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin
və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Məlum
səbəblərdən olduqca az ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti
süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik
ideyası unudulmadı.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq
Cümhuriyyətinin irsinin qorunmasında tarixi xidmətləri sırasında
Onun təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağının qaldırılmasından və Naxçıvan MR-nın
dövlət bayrağı kimi rəsmiləşdirilməsindən, Azərbaycan SSR Ali
Soveti qarşısında bu bayrağın ölkənin rəsmi dövlət rəmzi kimi
tanınması haqqında vəsatət qaldırılmasından, o dövrdəki Azərbaycan
rəhbərliyinin 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə
məcbur olmasından, ümumilikdə dahi rəhbərin Cümhuriyyət irsinin
rəsmiləşdirilməsi istiqamətində biri-birindən önəmli addımlarından
bəhs edib: “Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən
bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri ölkəmizə
rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin
yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları,
həmçinin həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil,
ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi
ucbatından xaos, anarxiya dövrü kimi xarakterizə olunur. Həmin
illərdə Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq
dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı.
Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici
siyasətin nəticəsində yenidən qurularaq özünün qədim dövlətçilik
ənənələrinə sadiq qaldığını göstərdi.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, tarixinə sahib
çıxan xalq məğlubedilməzdir: “Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün
istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin
Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti
İli” elan edilməsi müstəqillik yolumuzu tarixi paralellər fonunda
təhlil etməyə, indiki və gələcək nəsillərə çatdırmağa, Cümhuriyyət
qurucularının zəngin fəaliyyətlərinin təbliğinə geniş imkanlar
yaratdı. Müstəqiliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən
ulu öndər Heydər Əliyevin bu fikrinin davamı olaraq Prezident İlham
Əliyev bildirir ki, bizim əsas dəyərimiz, ən böyük nemətimiz
müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Gerçək
müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun
hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında
müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim
müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici
ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə
göstərişlər, təlimatlar verirdilər. Əlbəttə ki, bu, tariximizin
bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz
Heydər Əliyevin cəsarəti, müdrikliyi, dəmir iradəsi, xalqın Ulu
Öndərə olan sevgisi, rəğbəti Azərbaycanı müstəqillik yoluna
çıxardı, onu dönməz və əbədi etdi. Biz də hazırda Ümummilli
Liderimizin dahiyanə uzaqgörənliklə əsasını qoyduğu bu müstəqil yol
ilə gedirik və bundan sonra da gedəcəyik.”

“Azərbaycanın bu gün hər sahədə qazandığı uğurlar, əldə etdiyi
təcrübə göz önündədir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki,
hərtərəfli inkişaf, müstəqilliyin möhkəmləndirilməsi üçün ölkədə
sabitliyin rolu inkaredilməzdir: “Azərbaycanda sabitlik təmin
edilir, xalqımız təhlükəsizlik şəraitində, rifah içində yaşayır.
Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq
bir amal uğrunda birləşib – Azərbaycanı gücləndirmək. Hazırda
Azərbaycanın adı dünyanın xoşbəxt, islahatçı ölkələrinin sırasında
çəkilir. İqtisadi imkanlarını günbəgün genişləndirən ölkəmizin
beynəlxalq nüfuzu artır, Azərbaycan dünyada əsl söz sahibinə
çevrilir. Azərbaycanda sabitliyin, iqtisadi inkişafın davamlılığı
yeni-yeni hədəflərə yol açmaqla yanaşı, ölkəmizin yeni-yeni
tərəfdaşlar qazanmasına da stimul verir. “Əsrin müqaviləsi”nin
davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın
etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təsdiqidir.
Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin
möhkəmləndirilməsində stimulverici amildir. Son 18 ildə qazanılan
uğurların zirvəsində ərazi bütövlüyümüzün təmin olunması dayanır.
Bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Möhkəm təməl uğurlara
geniş yol açır, dövlətin, xalqın gələcəyini müəyyənləşdirir. 44
günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi
104 ilin zirvəsindən bugünümüzə baxanda qazandığımız uğurların
ümumiləşdirilmiş ifadəsi kimi qeyd edilir. Ulu Öndərin ölməz
ideyalarına sadiq qalaraq hər bir hədəfə yüksək səviyyədə nail olan
Azərbaycan xalqı bu gün müstəqilliyinin dönməzliyindən, ərazi
bütövlüyünün təmin olunmasından misilsiz qürur hissi keçirir.”

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da fəxrlə qeyd edib
ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli
bayrağımız bu gün azad Qarabağda, azad Şuşada dalğalanır: “Bu il,
həmçinin Azərbaycanın Müstəqillik Gününü dost, qardaş Türkiyə ilə
birlikdə qeyd etməsi çağdaş tariximizə çox mühüm hadisə kimi daxil
olacaqdır. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100
illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə
Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş
Zəfər paradında olduğu kimi, builki tədbirlərdə də Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın birgə iştirakları dünyaya növbəti mesajdır. Bu dostluq,
qardaşlıq sarsılmazdır, dünyaya nümunədir. Qarşıdakı illərdə
Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da möhkəmləndirilməsinə
xidmət edəcək daha möhtəşəm addımlar atılacaq, yenə də “Biz hər
zaman bir yerdəyik” deyəcəyik. Azərbaycan və Türkiyə dostluğu,
qardaşlığı işğaldan azad edilmiş ərazilərimizin bərpasında da özünü
aydın şəkildə göstərir. Qarabağda və Şərqi Zəngəzurda aparılan
genişmiqyaslı bərpa-quruculuq işləri belə deməyə tam əsas verir ki,
tezliklə Böyük Qayıdışın sevincini qardaş Türkiyə ilə birlikdə
yaşayacağıq.”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın bu günlərdə Füzuli, Cəbrayıl və Zəngilan
rayonlarına səfərləri çərçivəsində Zəngilan rayonunun Ağalı
kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış
mərasimində iştirakdan sonra dövlət başçısının Ağalı kəndinin
sakinləri ilə görüşündə söylədiyi “Ancaq biz tam müstəqilik, heç
kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq” fikirlərini 104
illik yolun təqdimatı və təsdiqi kimi dəyərləndirib.

Teqlər: