Azərbaycan və Qazaxıstanın nəqliyyat sahəsi üzrə əməkdaşlığı müzakirə edilib (FOTO)

Bakıda Azərbaycan Respublkasının rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev və ölkəmizdə səfərdə olan Qazaxıstan
Respublikasının “Samruk-Kazyna” Səhmdar Cəmiyyətinin İdarə
Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə
heyəti arasında görüş keçirilib.

AzerTimes xəbər verir ki, görüş
zamanı ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri
üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki
daşıma tariflərinin optimallaşdırılması, gömrük prosedurlarının
sinxronlaşdırılması barədə müzakirələr aparılıb.

Nazir Rəşad Nəbiyev bildirib ki, Azərbaycan və Qazaxıstan
arasında nəqliyyat əlaqələri müsbət tendensiyalar əsasında inkişaf
edir.

Rəşad Nəbiyev əlaqələrin daha da genişləndirilməsi üçün bu
görüşdə aparılan müzakirələrin faydalı olacağına əminlik ifadə
edib.

Nazir qeyd edib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət
şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün
dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin
optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin
tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının
sadələşdirilməsi və uzlaşdırılması vacibdir.


Qeyd olunub ki, regionda baş verən hadisələr, geosiyasi vəziyyət
yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni çərçivəsinin
nəzərdən keçirilməsini və tranzit-nəqliyyat əlaqələrinin
qurulmasını diktə edir.

Görüşdə vurğulanıb ki, Azərbaycanın və Qazaxıstanın coğrafi
xüsusiyyətləri – Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri
arasında yerləşməsi ölkələrimiz arasında mövcud nəqliyyat
şəbəkəsinin tam gücü ilə istifadə edilməsini təmin etmək üçün real
şərtlər yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin tikintisinin başa çatdırılması olub. Bu, Çindən
Qazaxıstan vasitəsilə Türkiyəyə yüklərin çatdırılma müddətini 12
günə qədər azaldıb.

“Vahid nəqliyyat sisteminin yaradılması layihəsinin icrası
çərçivəsində müştərək şirkətin yaradılması və nəqliyyat-logistika
biznes fəaliyyətinin aparılması, gömrük işinin sadələşdirilməsi
üçün ümumi təlimatların müəyyən edilməsi zəruridir”, – deyə
tədbirdə vurğulanıb.

Görüş Azərbaycan və Qazaxıstan arasında nəqliyyat sahəsi üzrə
əməkdaşlığın genişləndirilməsi məsələlərinin müxtəlif aspektlərinə
dair müzakirələrlə davam edib.

Teqlər: