Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

27 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında
diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə
tədbir və sərgi keçirilib.

Tədbirdə AR XİN-in rəhbər heyəti, Macarıstanın Azərbaycan
Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak
edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə
başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Xələf Xələfov 30 il ərzində Azərbaycan
Respublikası və Macarıstan arasında əlaqələrin dostluq və
qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirib. Nazir müavini
Xələf Xələfov, Macarıstanın hələ keçmiş Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi dövründə, həmçinin 44 günlük Vətən
müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, hazırda
post-münaqişə dövründə isə işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa və quruculuq işlərində iştirak etdiyini məmnunluqla
qeyd edib. X. Xələfov, həmçinin ölkələrimiz arasında həm
ikitərəfli, həm çoxtərəfli səviyyədə beynəlxalq təşkilatlar
çərçivəsində, xüsusilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edib.

Daha sonra çıxış edən Macarıstanın Azərbaycan Respublikasındakı
səfiri Viktor Szederkenyi 30 il ərzində Azərbaycan və Macarıstan
arasında diplomatik münasibətlərin inkişafında əldə olunan
nailiyyətlərlə qürur duyulmalı olduğunu bildirib. Səfir Azərbaycan
və Macarıstan arasında siyasi, iqtisadi, humanitar sahələrdə
əməkdaşlığı məmnunluqla qeyd edib və iki ölkə arasında mövcud
müqavilə-hüquq bazası, habelə hər iki ölkənin rəhbərliyi
səviyyəsində təmasların bunu şərtləndirdiyini vurğulayıb. Viktor
Szederkenyi həmçinin, iki ölkə arasında diplomatik münasibətlərin
qurulması münasibətilə öz səmimi təbriklərini tədbir
iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Macarıstan arasında
diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə
tanış olublar.

Teqlər: