Bu gün Azərbaycan və Böyük Britaniya arasında münasibətlər
yüksələn xətt üzrə inkişaf etməkdədir. İstər siyasi arenada, istər
iqtisadi sahədə əməkdaşlığımızın durmadan inkişafı danılmazdır.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Rasim
İsmayılov Bakıda keçirilən “Birləşmiş Krallıq səhiyyədə sizin
həmkarınızdır” adlı tədbirdə deyib.
O qeyd edib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms
Şarp işlədiyi müddətdə bu münasibətlərin inkişafına böyük töhfə
verib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev daim sosial sahənin
inkişafını diqqət mərkəzində saxlayıb. Bu baxımdan, səhiyyətinin
inkişafı bizlərin qarşısında qoyulan ən vacib tapşırıqlardan
biridir. Buna misal olaraq, COVID-19 pandemiyası dövründə cənab
Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, qəti
tapşırıqlarına uyğun olaraq atılmış praktiki addımların nəticəsində
Azərbaycan bütün dünyanın çox çətn bir dövrünü asanlıqla dəf etməyi
bacardı.
Həmin dövrdə dərman peraparatlarının, tibbi avadanlıqların
təchizini misal göstərə bilərik. Eyni zamanda, mövcud
xəstəxanaların bu virusa yoluxmuş insanlara xidmət etməsi üçün
uyğunlaşdırılması və çox qısa bir dövrdə bir neçə modul tipli
xəstəxananın tikilərək istifadəyə verilməsi də ölkə rəhbərliyinin
səhiyyəyə və vətəndaşlara olan diqqətinin bariz nümunəsidir.
Hesab edirəm ki, bugünkü tədbir səhiyyəmizin inkişafı ilə
bərabər Azərbaycan və Böyük Britaniya dostluğunun, əməkdaşlığının
inkişafında xüsusi rol oynayacaq. Belə ki, istənilən bir sahənin
inkişafı üçün innovativ həllərin tətbiqi, yeni tərəfdaşlarla iş
birliyinin genişlənməsi əsas faktorlardan biridir. Bu baxımdan, bu
tədbirin təşkilatçılarına bir daha təşəkkür edirəm. Hesab edirəm
ki, bu gün bizə nümayiş olunacaq təqdimatlar səhiyyəmizin
təchizatında əhəmiyyətli rol oynayacaq”, – deyə nazir müavini
bildirib.