Azərbaycan və ABŞ münasibətləri qarşılıqlı etimada, güvənə və əməkdaşlığa söykənir

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır. Azərbaycan və
ABŞ prezidentlərinin qarşılıqlı məktubları ölkəmizə qlobal
müstəvidə verilən daha bir önəmdir. Azərbaycanın əhəmiyyəti və
beynəlxalq münasibətlərdə, təhlükəsizlik, enerji məsələlərinin
həllində rolu güclənir.

Məsələ ilə bağlı AzerTimes-ın sualına cavab verən Milli Məclisin
deputatı Elşən Musayev bildirib ki, artıq vəziyyət, qlobal düzən,
reallıqlar dəyişib.

“44 günlük müharibə zamanı əldə etdiyimiz möhtəşəm qələbə bütün
diqqətləri Azərbaycana doğru yönəldib, dünyaya Azərbaycanı yenidən
tanıdıb, bölgədəki gücümüz və liderliyimiz hər kəs üçün qəbuledilən
olub. Novruz bayramı ərəfəsində ABŞ lideri Cozef Baydenin
Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik
məktubunda da sezilən və görünən əsas məqam odur ki, ABŞ
Azərbaycanla strateji əməkdaşlığın davam etdirilməsində,
münasibətlərin inkişafında maraqlıdır. Həmin məktubda Co Baydenin
timsalında ABŞ və onun xalqının Azərbaycana xüsusi diqqəti və
simpatiyası ifadə olunur. Bu isə ölkəmiz adına son dərəcə
sevindirici haldır”, – deyə deputat bildirib.

O əlavə edib ki, qısa müddət sonra Prezident İlham Əliyev də Co
Baydenə məktub göndərdi və hər iki ölkənin maraqları, xalqların
rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığın daha da
inkişaf etdirilməsi üçün birgə səylər göstərməyin vacib olduğunu
qeyd etdi.

“Dövlət başçısı, eyni zamanda, Qarabağ mövzusuna, Azərbaycanın
məhz öz gücünə, təkbaşına BMT-nin qətnamələrini icra etməsinə
xüsusi olaraq toxundu və transmilli enerji layihələri, sülh və
təhlükəsizlik məsələlərində hər zaman bərabər olmağın vacibliyini,
qarşılıqlı əməkdaşlığın faydalılığını, zəruriliyini vurğuladı.

Əslində, dövlətimiz hər zaman balanslı xarici siyasət yürüdüb.
Ölkə başçısı cənab İlham Əliyev bütün çıxışlarında daim və açıq
formada bəyan edib ki, biz bütün dünya dövlətləri ilə normal
münasibətlər saxlamaqda maraqlıyıq. Eyni zamanda, Azərbaycan
dövləti, xüsusən də son illərdəki beynəlxalq fəaliyyəti ilə,
Qoşulmama Hərəkatına rəhbərliyi ilə, ümumbəşəri töhfələri özündə
əks etdirən qlobal və faydalı təşəbbüsləri ilə meydanda olub,
sülhün, demokratiyanın əsas təminatçılarından biri kimi çıxış edib.
Ona görə nüfuzumuz günü-gündən yüksələn xətt üzrə irəliləyir. Hamı
bizi qəbul edir. Hamı Azərbaycanla hesablaşır.

Hazırda Qərb dövlətləri və konkret olaraq ABŞ ilə
münasibətlərimiz olduqca yaxşıdır. Həmin münasibətlər qarşılıqlı
etimada, güvənə və əməkdaşlığa söykənir. Hər iki ölkə Prezidentinin
məktubunda qeyd olunan məqamlar və mesajlar da bunu deməyə əsas
verir ki, Azərbaycan və ABŞ arasında əlaqələr ən yüksək
səviyyədədir və həmin əlaqələrin inkişafı üçün heç bir problem və
əngəl yoxdur”, – deyə E.Musayev vurğulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da qeyd edib ki, ABŞ
prezidentinin Prezident İlham Əliyeva ünvanladığı məktubda bir sıra
mühüm məqamlara toxunulur. Azərbaycanın təhlükəsizlik, bölgədə
sülhün təmin olunmasında oynadığı rol təqdir olunur.

“Azərbaycan uzun müddətdir Qərblə, xüsusilə, ABŞ ilə bir çox
sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr təhlükəsizliklə bağlı
məsələlərdə özünü daha qabarıq büruzə verir. Əfqanıstanda sülhün
təmin olunması prosesinə Azərbaycan hər zaman ciddi töhfə verib.
Azərbaycan hərbçiləri NATO tərkibində Əfqanıstandakı sülhməramlı
missiyada fəal iştirak ediblər.

Hazırda Azərbaycan bölgəyə sülhün gəlməsi üçün səylə çalışır,
Cənubi Qafqazda təhlükəsizliyin qorunması və təmin olunmasına öz
töhfəsini verir. Ermənistan isə bölgədə sülhün təmin olunmamasında
maraqlıdır. Ermənistan bu siyasətə son qoymalıdır.
Bu gün bölgədə və dünyada ciddi proseslər gedir. Hazırkı dövrdə
dövlətlərin əməkdaşlığının daha da gücləndirilməsi xüsusi əhəmiyyət
daşıyır. Azərbaycan bunu yaxşı anlayır və bu proseslərdə düzgün yer
tutmaq üçün səylə çalışır.

Əminik ki, ABŞ ilə Azərbaycan arasında əlaqələr qarşıdakı dövrdə
daha da inkişaf edərək, iki ölkənin təhlükəsizliyinin
möhkəmlənməsinə ciddi töhfələr verəcək. Azərbaycan qarşılıqlı
əməkdaşlığa və əlaqələrin inkişafına tam hazırdır. Bu istiqamətdə
üzərinə düşən vəzifələri yerinə yetirmək üçün ardıcıl addımlar
atır”, – o bildirib.

Teqlər: