Azərbaycan universitetlərinin rəqəmsallaşmasına dəstək

Bu gün bp Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik
yubileyi münasibətilə universitetə müasir elektron kitabxana
hədiyyə edib. Bu kitabxana 700 000 nüsxəyə yaxın
rəqəmsallaşdırılmış kitab, tədris materialları və digər vəsaitlərə
məsafədən birbaşa çıxış təmin etməklə istifadəçilərə mürəkkəb
axtarışlar aparmağa və məzmunu başqaları ilə paylaşmağa imkan
yaradacaq.

Yeni elektron kitabxana həmçinin kitabxana sisteminin səmərəli
fəaliyyəti üçün tələb olunan bütün zəruri fiziki infrastruktura
malikdir. Burada istifadə olunan elektron vasitə ​​kitabxananın
idarə edilməsi proseslərinin təkmilləşdirilməsinə kömək edəcək.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz Azərbaycanın ən qədim və
ən nüfuzlu pedaqoji universitetinin 100 illik yubileyinin qeyd
olunmasına qoşulmaqdan məmnunuq. Ümid edirik ki, bu gün istifadəyə
verdiyimiz rəqəmsal kitabxana təlim, tədris və tədqiqat
materiallarının zəngin və asanlıqla əl çata bilən mənbəyinə
çevriləcək və universitetin təhsilin keyfiyyətini artırmaq
səylərinə dəstək verəcək. İnanırıq ki, bu müasir elektron kitabxana
həm tələbələrin, həm də müəllimlərin elmi-tədqiqat fəaliyyətinə
təkan verməklə universitetdə elmi-tədqiqat işlərinin keyfiyyətinin
yüksəlməsinə töhfə verəcək.”

Layihənin ümumi dəyəri təxminən 421 000 AZN təşkil edir və bu
məbləğ kitabxananın rəqəmsal fəaliyyəti üçün zəruri olan proqram
təminatının hazırlanması, inventarların səmərəli idarə edilməsi
prosesinin qurulması və lazımi fiziki infrastrukturun
quraşdırılmasını əhatə edir.

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı,
işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu
layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə
həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə
icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə
qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız
sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək
öhdəliyi götürmüşük.

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz
və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz
insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını
yaxşılaşdırıb və dəyişdirib.

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil,
icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman
potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin
tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı
vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə
layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə
layihələrinə ümumilikdə təxminən 100 milyon dollar vəsait
xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı
çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini
təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı
məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına
daxil olun.

Əlavə məlumat üçün:

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya
müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95

Teqlər: