Azərbaycan şirkətləri Qazaxıstan iqtisadiyyatına 310 milyon dollara yaxın sərmayə qoyub – “KAZAKH INVEST”in idarə heyətinin sədr müavini (Müsahibə) (VİDEO)

“MŞ “KAZAKH INVEST” SC-nin əməkdaşlıqda maraqlı olduğu
Azərbaycan şirkətlərinin siyahısı formalaşdırılıb.

Bu barədə Trend-ə müsahibəsi zamanı “MŞ “KAZAKH INVEST” SC-nin
İdarə Heyətinin sədrinin müavini Jandos Temirqali deyib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, xarici investorlar
Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatı kimi Qazaxıstana böyük
maraq göstərməkdə davam edir.

“2021-ci ilin yekunları üzrə (Qazaxıstanda – red) birbaşa xarici
investisiyalarda yaxşı artım tendensiyası müşahidə etmək olardı.
2020-ci ilin mənfi tendensiyasını aradan qaldırmağa və
investisiyaları artırmağa nail olduq”, – deyə J.Temirqali
bildirib.

İdarə Heyətinin sədrinin müavini həmçini bildirib ki, 2021-ci
ilin doqquz ayında Qazaxıstana birbaşa xarici investisiyalar
təxminən 18,7 milyard dollar təşkil edib ki, bu da 2020-ci ilin
eyni dövrü ilə müqayisədə 50 faiz daha çoxdur.

“Ümumiyyətlə, 2022-2023-cü illərdə pandemiyanın mənfi trendini
aradan qaldırmaq və birbaşa xarici investisiyaların həcminin ildə
24 milyard dollara yaxın olduğu 2017, 2018 və 2019-cu illərdəki
kimi yaxşı göstəricilərə çıxmaq üzrə planlar var”, – deyə
J.Temirqali bildirib.

Onun sözlərinə görə, ötən il investisiya fəaliyyətlərinin
dəstəklənməsi üzrə milli operator olan “MŞ “KAZAKH INVEST” SC-nin
dəstəyi ilə Qazaxıstanda 57 layihə həyata keçirilib:

“Bunlar artıq istismara verilmiş layihələrdir və onlara qoyulan
investisiyaların həcmi təqribən 3,8 milyard dollar təşkil edib ki,
bu da 2020-ci illə müqayisədə 2,4 dəfə çoxdur. Bundan əlavə, beş
minə yaxın iş yeri açılmışdır ki, bu da bizim üçün mühüm
göstəricidir”.

Onun sözlərinə görə, Qazaxıstan iqtisadiyyatının əsas
investorları hələ də ABŞ, İsveçrə və Niderlanddır.

O həmçinin qeyd edib ki, 2020-ci ilin yekunları üzrə
Qazaxıstanda, eləcə də Azərbaycanda ÜDM-də dünyanın digər
ölkələrində olduğu kimi kəskin azalma müşahidə olunmayıb.

O, Qazaxıstana birbaşa xarici investisiyaların daxilolmalarının
istiqamətinin pandemiyadan əvvəlki dövrlə müqayisədə necə
dəyişdiyini şərh edərkən qeyd edib ki, əvvəllər olduğu kimi,
investisiyaların əsas payı hasilat sektoruna düşüb.

“Ümumiyyətlə, bildiyiniz kimi, Qazaxıstan iqtisadiyyatının
strukturu bir qədər Azərbaycan iqtisadiyyatının strukturuna
bənzəyir və təbii ki, investisiyaların əsas payı hasilat sektoruna,
mədənçıxarma sektoruna düşür”, – deyə J.Temirqali bildirib.

Eyni zamanda o qeyd edib ki, pandemiya dövrünün nəticələrinə
görə, investisiyaların strukturu və ya iqtisadiyyata investisiya
daxilolmalarının strukturu o qədər də kəskin şəkildə
dəyişməyib:

“Amma emal sənayesinin payının artması istiqamətində ümumi
tendensiya var. Əgər qlobal miqyasda götürsək, onda son bir neçə
ildə biz xarici investorların emal sektoruna, xüsusən qida
sənayesinə, neft-kimya sənayesinə, kimya sənayesinə, maşınqayırma
sənayesinə və s. artan marağını görürük. Yəni, ümumilikdə, dövlət
iqtisadiyyatın şaxələndirilməsinin zəruriliyini aydın şəkildə dərk
edir və hələ pandemiyadan əvvəl qeyd olunan bu tendensiya davam
edir”.

Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın
potensial inkişaf istiqamətlərindən danışan J.Temirqali nəqliyyat
sektorunu xüsusilə qeyd edib.

“Hər iki ölkənin uğurlu yerləşməs var, Xəzər dənizində qonşuyuq,
eyni zamanda, biz qardaş ölkələrik. Ticarət dövriyyəsi çox dinamik
şəkildə artır. Ötən ilin sonunda ticarət dövriyyəsi milyard
dolların təxminən üçdə birini təşkil edib ki, bu da bu, 2020-ci
ilin sonundakı göstəricidən üç dəfə çoxdur. Aydındır ki, azalma
olub, lakin buna baxmayaraq, bu rəqəm 2018 və 2019-cu illərlə
müqayisədə xeyli çoxdur. Ona görə də müsbət tendensiya var”, – deyə
J.Temirqali bildirib.

O vurğulayıb ki, xarici investorlar Mərkəzi Asiya və Cənubi
Qafqaz bazarını bir region hesab edirlər və investisiya qərarları
qəbul edərkən regionun bütövlükdə investisiya baxımından cəlbedici
olması çox vacibdir:

“Nəqliyyat sənayesində bağlayıcı həlqə Qazaxıstan, Azərbaycan,
Gürcüstan və Avropa ölkələri kimi ölkələriтш birləşdirən, qlobal
miqyasda Çin və Avropa İttifaqını əlaqələndirən Transxəzər
nəqliyyat marşrutu layihəsidir”.

J.Temiraqli əlavə edib ki, bu, çox perspektivli marşrutdur və
statistikaya nəzər salsaq, burada həm də dünya siyasətindəki
turbulentlik və digər alternativ yollarla bağlı qeyri-sabitlik
fonunda çox müsbət tendensiya görə bilərik.

Onun sözlərinə görə, marşrut yaradılandan indiyədək onun
vasitəsilə 4,4 milyon ton yük daşınıb ki, bu da təxminən 96,3 min
konteyner deməkdir.

“Ümumilikdə, Çin-Aİ marşrutu üzrə quru daşımaların dinamikası və
Qazaxıstan ərazisindən tranzit daşımaların həcmi 2021-ci ildə bir
milyard TEU konteynerini ötüb ki, bu da ötən illə müqayisədə 22
faiz çoxdur”, – deyə J.Temirqali bildirib.

O həmçinin vurğulayıb ki, multimodal marşrutlar müasir
texnologiyaların, o cümlədən rəqəmsal texnologiyaların inkişafı ilə
ucuzlaşır:

“Onlar ucuzlaşır və getdikcə daha çox yük Asiyadan Avropaya və
onun hüdudlarından kənara dəniz yolu ilə deyil, quru yolla – bizim
regionumuz vasitəsilə daşınır və bu qlobal yük daşımaları
çərçivəsində Xəzər dənizindən keçən quru marşrutumuz daha da
dəyərli olur. Birincisi, daşıma xərcləri azalır, ikincisi, qlobal
miqyasda baş verən müxtəlif siyasi vəziyyətləri, ticarət
müharibələrini və sanksiyaları nəzərə alsaq, bu marşrut çox vacib
və sabit görünür. Qazaxıstan və Azərbaycan isə bu marşrutun əsasını
təşkil edən ölkələrdir. Bizim əməkdaşlığımız çox vacibdir və biz bu
baxımdan çox böyük perspektiv görürük”.

Onun sözlərinə görə, Qazaxıstanın statistikası göstərir ki,
Azərbaycan şirkətləri 2005-ci ildən Qazaxıstan iqtisadiyyatına
təxminən 310 milyon dollar sərmayə qoyub.

“Təbii ki, biz pandemiya dövründə investisiya aktivliyi
baxımından azalma müşahidə etdik, lakin hazırda müsbət tendensiya
var. Ümumilikdə Qazaxıstanda Azərbaycan kapitallı 500-ə yaxın
şirkət fəaliyyət göstərir. Onlar tikinti, emal, ticarət, logistika
və bir çox başqa sahələrdə işləyirlər”, – deyə J.Temirqali
bildirib.

O, Qazaxıstan və Azərbaycanın əsas birgə layihələrindən də
danışıb.

“Onların arasında – Aktau limanında taxıl terminalı, Qazaxıstan
və Azərbaycan arasında Qazaxıstan taxılının qəbulu və daşınması
üzrə müştərək müəssisə, “Aktau dəniz limanı”nda logistika mərkəzi
və armatur istehsalı zavodu”, – deyə J.Temirqali əlavə edib.

O həmçinin qeyd edib ki, Qazaxıstan hökuməti müasir zamanın
çağırışlarına cavab verəcək yeni investisiya siyasəti konsepsiyası
hazırlayır və bütövlükdə beynəlxalq investisiya ictimaiyyətində
Qazaxıstanda aparılan islahatlarla bağlı gözləntilər
formalaşıb.

J.Temirqali vurğulayıb ki, ümumiyyətlə, hazırlanmış investisiya
siyasəti konsepsiyası bu məsələnin bütün sahələrini əhatə edir:

“Bu, yeni investisiyaların cəlb edilməsi, mövcud investorlarla
işləmək, qanunvericilik və s. Burada qeyd etmək istərdim ki, bu
sənəddə ESG prinsipləri nəzərə alınacaq”.

J.Temirqali əlavə edib ki, dövlət bu proseslərə ekoloji
problemlərin həlli prizmasından, Qazaxıstanda “eco-friendly”-sənayelərin, eləcə də biznesin sosial məsuliyyəti
prizmasından baxır.

“Bu çox vacibdir. Əvvəla, bu, birincisi, ədalətli əmək haqqını
nəzərdə tutan yüksək keyfiyyətli iş yerlərinin yaradılmasıdır,
ikincisi, bunlar bütün sənaye sahələrində təhlükəsiz iş yerləridir
və təbii ki, yerli kadrların ixtisaslarının artırılmasına daimi
ehtiyacın nəzərə alınmasıdır”.

Onun sözlərinə görə, bütün bu məqamlar dövlət üçün önəmlidir və
iş yerlərinin yaradılması əsas prioritetlərdən biridir.

Teqlər: