Azərbaycan şirkətləri niyə Rusiya bazarına girmir?

Azərbaycan şirkətləri niyə Rusiya bazarına girmir?

Rusiya bazarında iştirak edənlər üçün hazırda müəyyən problemlər yaradılır. Məsələn, həmin şirkətlər ABŞ və AB-nin dolayı sanksiyalar, pul köçürmələri, investisiyalarla bağlı təhdidləri altındadır. Bütün bunlara görə şirkətlər ehtiyatlı davranmağa məcburdur. Azərbaycan şirkətləri də məhz buna görə Rusiya bazarına birbaşa daxil olmur.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan şirkətlərinin boşalan Rusiya bazarını girmək fürsətini dəyərləndirməməsi haqda danışarkən deyib.

“Qərb və ABŞ şirkətlərinin Rusiyanı tərk etməsindən sonra Çin, Türkiyə, bəzi Asiya və Latın Amerikası ölkələri şirkətləri bu bazara üz tutub. Azərbaycan şirkətlərinin belə marağı haqda hələ məlumat yoxdur. Biz hələ ki, Rusiya bazarına ənənəvi qaydada kənd təsərüffatı məhsulları satmaqla məşğuluq.

Ancaq Azərbaycan şirkətləri Rusiya ilə digər ölkələr vasitəsilə əlaqə qurmaqda maraqlı ola bilər. Məsələn, Qazaxıstan üzərindən. Çünki son zamanlar Azərbaycan hər iki ölkə ilə əməkdaşlığı genişləndirib. Həm də Qazaxıstan və Qırğızıstan Rusiya ilə birgə Gömrük İttifaqının üzvüdürlər. Yəni bu ölkələrdə fəaliyyət göstərən şirkətlər gömrük rüsumu ödəmədən belə Rusiya bazarına çıxa bilərlər. Ola bilər ki, gələcəkdə Azərbaycan şirkətləri də bu yolla mövqe tutaraq qazanmağa çalışsınlar”, – ekspert vurğulayıb.

Teqlər: